26 sentyabr 2025-ci il
Bakı Musiqi Akademiyasında Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş konsert keçirildi.
Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti tədbir 26 sentyabr 2025-ci il tarixində baş tutdu.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında təşkil olunan “Üzeyir bəyin ocağında” adlı konsert dahi bəstəkar, Azərbaycan professional musiqi məktəbinin banisi Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuşdur.
Konsertdə Akademiyanın istedadlı tələbələri çıxış edərək Üzeyir Hacıbəylinin əsərlərini böyük məhəbbətlə ifa etdilər. Proqramda bəstəkarın “Arazbarı”, “Aşıqsayağı”, “Sənsiz” və “Sevgili canan” romansları, “Arşın mal alan” musiqili komediyasından Gülçöhrənin ariyası, İki saylı Fantaziyası, həmçinin Emil Əfrasiyabın “Parafraz” əsəri səsləndirildi.
Səhnədə Hüseynağa Aslanov (qiraət), Zərif Kərimova (qiraət), Əli Adıgözəlov (piano), Əsmər Alxazova (piano), Elçin Məmmədov (piano), Aysun Mahmudzadə (vokal), Hidayət Sadıqbəyli (piano), İluzər İbrahimzadə (piano), İsmayıl Əsədbəyli (vokal), Özcan Cabbari (violin), Nəzrin Qulamova (piano), Ülviyyə Mustafazadə (violonçel), Zəminə Kərimova (piano) uğurlu çıxışları ilə tamaşaçıların rəğbətini qazandılar.
Konsertin xüsusi qonaqları sırasında Beynəlxalq Muğam Mərkəzinin nəzdində C.Cahangirov adına xor da olmuşdur. Xorun bədii rəhbəri – Azərbaycan Respublikasının Əməkdar artisti Təranə Yusifova kollektivlə birgə parlaq ifası ilə tədbirə xüsusi rəng qatdı.
Bakı Musiqi Akademiyasının Böyük zalında keçirilən bu konsert, festival iştirakçıları və musiqisevərlər üçün həm unudulmaz musiqi bayramına, həm də Üzeyir Hacıbəylinin zəngin irsinin təntənəsinə çevrildi.