• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    2 iyul 2025-ci il 

    “SABAH-ın Məzunu 2025” tədbiri keçirildi

    2 İyul 2025-ci il tarixində Heydər Əliyev Sarayında “SABAH-ın Məzunu 2025” tədbiri keçirildi. 

    Tədbirdə dövlət və özəl qurumların rəsmiləri, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, müəllim və tələbələr, eləcə də digər qonaqlar iştirak etdilər.

     
    Əvvəlcə tədbir iştirakçıları SABAH məzunlarının nailiyyətlərini əks etdirən sərgi ilə tanış oldular.

    Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb, ardınca şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

     
    Baş tutan tədbir SABAH qruplarının fəaliyyəti haqqında videoçarx nümayiş etdirilməsi ilə davam etdi.

    Tədbirdə SABAH məzun tədbirinin hər il təkrarlanan bir ənənəsi - rəmzi SABAH açarının hazırkı məzunlardan növbəti ilin məzunlarına ötürülməsi baş tutdu. 

     
    Daha sonra ən yüksək göstəriciləri ilə fərqlənən SABAH-ın məzunları ali təhsil müəssisələrinin rektorları tərəfindən təltif olundular.

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinə diplomlar Əməkdar müəllim, BMA-nın Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva tərəfindən təqdim olundu.

    Qeyd edək ki, tədbir Xalq Artisti, Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, Sosial məsələlər və İctimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova tərəfindən təşkil olunmuşdur. Elm və Təhsil Nazirliyi tərəfindən təntənəli şəkildə keçirilən məzun gününün yüksək peşəkarlıqla təşkilinə verdiyi dəstəyə görə Yeganə Axundovaya Təşəkkürnamə təqdim olunmuşdur. 

     Tədbir çərçivəsində SABAH qrupları tələbələrinin ifasında musiqi nömrələri də səsləndirildi:

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının  “Barokko” simli ansamblı (bədii rəhbər: Əməkdar incəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə), “Sabah” xoru (bədii rəhbər: Dimitriy Babayev).

     Tədbirin sonunda məzunlar səhnəyə dəvət olunaraq xatirə şəkli çəkdirdilər və onlara gələcək həyatlarında uğurlar arzulanaraq tədbir yekunlaşdı.