1 iyul 2025-ci il
BMA-nın İxtisas musiqi məktəb-studiyası şagirdlərinin 2024 – 2025-ci tədris ili üzrə hesabat konserti
Azərbaycan professional musiqisinin banisi, Şərqdə ilk operanın müəllifi və milli musiqi təhsilinin əsasını qoymuş dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi münasibətilə Bakı Musiqi Akademiyasının İxtisas musiqi məktəb-studiyası bir sıra əhəmiyyətli tədbirlər həyata keçirmişdir.
2025-ci il 1 iyul tarixində BMA-nın Böyük zalında baş tutmuş konsert həmin tədbirlər sırasında idi. Cari tədris ilinin yekununa həsr olunmuş hesabat xarakterli tədbir zamanı şagirdlərin il ərzində qazandıqları ifaçılıq bacarıqları, texniki və emosional cəhətdən inkişafları, səhnə təcrübələri əks olunmuşdur.
Rəngarəngliyi ilə seçilən tədbir violin ixtisası üzrə 1-ci sinif şagirdi Humay Kəlpizadənin (müəllim – Arzu Rzayeva, konsertmeyster – təcrübəçi-tələbə Fidan Əmirova) ifasında səslənən Oskar Ridinqin h moll konserti (I h.) ilə başladı. Böyük səhnəyə hələ yenicə addım atan Humay, gənc yaşına baxmayaraq, səlis musiqi və ritm duyumu ilə dinləyicilərin diqqətini cəlb etməyi bacardı.
Truba ixtisası üzrə 2-ci sinif şagirdi Elşad Məmmədlinin ifa tərzi (müəllim – Əməkdar artist, dosent Vladislav Kuznetsov, kons. – təcrübəçi-tələbə Nərmin Hüseynli) dinləyicilərə musiqidə ifadə gücünün erkən yaşlardan necə formalaşdığını aydın şəkildə nümayiş etdirdi. Şən və yumoristik xarakterə malik Tyerri Müllerin “Tuf-tuf” əsəri Elşadın ifasında sərbəst və düzgün nəfəs texnikası ilə təqdim olundu. Vurğulanmalıdır ki, ifaçının səhnə davranışı və ifa mədəniyyəti tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı.
Anatoli Komarovskinin dinamik ritmli “Вперегонки” əsəri violin ixtisası üzrə 2-ci sinif şagirdi Səriyyə Axundsoyun ifasında (müəllim – dosent Gülnarə Quliyeva, konsertmeyster – təcrübəçi-tələbə Şəms Əsgərova) səslənərək qayğısız uşaq aləminin təsvirini canlandırdı.
Texniki çevikliyin inkişafına yönəlmiş Anri Lemuanın, 23 №-li (op. 37) G dur etüdü fortepiano ixtisası üzrə 3-cü sinif şagirdi Mədinə Musayevanın ifasında səsləndi (müəllim – Əməkdar müəllim, dosent Mədinə Tuayeva). Bu etüd ifaçıdan yüksək dərəcədə barmaqların cəldliyi, ritmik dəqiqlik və musiqi ifadəliliyini tələb edir. Mədinənin səlis və intizamlı ifası, hər bir səsin aydın şəkildə səslənməsi onun texniki hazırlığının və musiqi materialına yanaşmadakı məsuliyyətinin bariz göstəricisi oldu.
Azərbaycanın görkəmli bəstəkarı Cavanşir Quliyevin uşaq musiqi ədəbiyyatına bəxş etdiyi dəyərli nümunələrdən biri olan “Günəşin musiqi dəftəri” silsiləsindən “Günaydın, Günəş” pyesi fortepiano ixtisası üzrə 4-cü sinif şagirdi Safiya Zeynalovanın (müəllim – dosent Sevda Məmmədova) hissiyyatlı və zərif ifasında səsləndi. Əsər işıqlı və pozitiv ovqat yaratmaqla yanaşı, gənc pianoçunun musiqi duyumu, frazaları ifadəli şəkildə təqdim etmə bacarığı və emosional təhlil qabiliyyətini də parlaq şəkildə üzə çıxartdı. Şagirdin bütün bu məqamları düzgün və dəqiq şəkildə yerinə yetirməsi, sözsüz ki, fənni tədris edən müəllimin peşəkarlığını və pedaqoji uğurunu əks etdirir.
Məşhur Kanada bəstəkarı Oskar Pitersonun caz üslublu etüdünü ifa edən fortepiano ixtisası üzrə 5-ci sinif şagirdi Araş Seyfpour (Əməkdar müəllim, dosent Mədinə Tuayevanın sinfi) caz musiqisinə xas olan əsas ünsürləri – improvizasiya texnikasını, harmonik zənginliyi və ritmik vurğuları uğurla mənimsədiyini nümayiş etdirdi.
Trombon ixtisası üzrə 4-cü sinif şagirdi Rəvan Məmmədov (müəllim – Əməkdar artist, dosent Vladislav Kuznetsov, kons. – təcrübəçi-tələbə Nigar Həsənli) Avstriya bəstəkarı Yozef Mattiasın “Tokkata” əsərini güclü nəfəs texnikası və inkişaf etmiş ritmik duyum sərgiləyərək canlandırdı. Tokkata janrına xas olan enerji və impuls Rəvanın ifasında dolğun şəkildə özünü göstərdi.
Növbəti musiqi nömrəsi vokal ixtisası üzrə 6-cı sinif şagirdi Emiliya Ağakişiyevanın ifasında təqdim olundu (müəllim – Ofeliya Axundova, kons. – təcrübəçi-tələbə Ləman Qəmbərova). Dəyərli nəğməkar bəstəkarımız Tofiq Quliyevin “Arzular” adlı lirik vokal əsəri Emiliyanın duyğu dolu ifasında öz təsdiqini tapdı. Şagirdin səs imkanları, nəfəsin düzgün idarə olunması və emosional ifadə qabiliyyəti onun vokal hazırlığındakı yetkinliyi və potensialını aydın şəkildə nümayiş etdirdi.
Zəngin Şərq musiqi mədəniyyətinə daim maraq və sevgi ilə yanaşan görkəmli bəstəkar Reynhold Qliyerin Des dur Prelüdü fortepiano ixtisası üzrə 6-cı sinif şagirdi Gülay Məmmədzadənin ifasında (müəllim – Anna İsrafilova) səsləndi. Şagirdin ifa zamanı nümayiş etdirdiyi obrazlı musiqi düşüncəsi və emosional dərinliyi nəticəsində əsər tamaşaçılara zərif və poetik musiqi ovqatı bəxş etdi.
Fortepiano musiqisinin həm texniki mürəkkəbliyini, həm də emosional ifadə imkanlarını özündə birləşdirən Ferens Listin 12 №-li (op. 1) etüdü 7-ci sinif şagirdi Hüseyn Quliyevin ifasında yüksək peşəkarlıqla səsləndi. Xüsusi istedada malik gənc pianoçu cəld ifa nümayiş etdirməklə yanaşı, melodik xətti təbii və axıcı şəkildə quraraq əsərin dramatik gərginliyini ustalıqla çatdırdı. Azərbaycan Respublikasının Əməkdar müəllimi Kamilla Əmirovanın peşəkar rəhbərliyi və pedaqoji yanaşması bu mürəkkəb əsərin mənimsənilməsində həlledici rol oynamış və ifaçının texniki potensialının genişliyini parlaq şəkildə üzə çıxarmışdır.
Azərbaycan musiqi mədəniyyətinin lirik incilərindən biri olan Səid Rüstəmovun “İntizar” vokal əsəri ifaçıdan xüsusi yaradıcı yanaşma tələb edir. 8-ci sinif şagirdi Kamilə Mahmudova (müəllim – Ofeliya Axundova, kons. – təcrübəçi-tələbə Ləman Qəmbərova) bu əsəri səsləndirərkən səs tembrinin yumşaqlığı, melodik xəttə göstərdiyi həssas münasibət və emosional dərinliklə tamaşaçıların diqqətini cəlb etdi. Müəllimi Ofeliya Axundovanın peşəkar vokal yönləndirməsi nəticəsində Kamilə əsərin poetik ovqatını və daxili gərginliyini səhnədə dolğun şəkildə ifadə edərək, dinləyicilərə dərin emosional təsir bəxş etdi.
Konsert proqramında rus musiqi mədəniyyətinin görkəmli nümayəndəsi Pyotr İliç Çaykovskinin “Skertso” əsəri təqdim olundu. Violin ixtisası üzrə 10-cu sinif şagirdi Şəhla Qazıyevanın ifasında (müəllim – Arzu Rzayeva, kons. – təcrübəçi-tələbə Maya İsmayılova) səslənən bu əsər sürətli temp dəyişiklikləri, zərif dinamika kontrastları və texniki mürəkkəbliyi ilə proqramda fərqlənərək, konsertə xüsusi rəng qatdı. Yuxarı sinif şagirdinin bu mürəkkəb əsəri məharətlə ifa etməsi onun təhsil prosesi ərzində qazandığı bilik, texniki bacarıq və musiqi təfəkkürünü aydın şəkildə nümayiş etdirdi. Dolğun və təsirli ifa Şəhlanın ümumi musiqi qabiliyyətini parlaq şəkildə əks etdirdi.
Əsrarəngiz alman musiqi aləminin zənginliyini təcəssüm etdirən Robert Şumanın h moll “İntermetso” əsəri dünya fortepiano ədəbiyyatında xüsusi əhəmiyyətə malikdir. 8-ci sinif şagirdi Cəlalə İsmayılzadə (Əməkdar müəllim Kamilla Əmirovanın sinfi) bu mürəkkəb əsəri səsləndirərkən musiqi frazalarının bütövlüyü və ifadəliliyini, incə və çevik barmaq texnikasını, eyni zamanda pedalın musiqi ifadəsinə verdiyi imkanlardan düzgün şəkildə istifadə etmə bacarığını nümayiş etdirdi.
Fortepiano ixtisası üzrə 9-cu sinif şagirdi Maqsud Məmmədzadə (müəllim –Nuranə Zeynalova) Fikrət Əmirovun 1 №-li “Ekspromt” əsərini yüksək peşəkarlıqla ifa etdi. O, əsərin milli ruhunu və emosional dərinliyini ustalıqla ifadə edərək, bədii məzmununu tamaşaçılara çatdırmağı bacardı.
Müxtəlif musiqi nömrələri arasında Feliks Mendelsonun fis moll Fantaziyası (op. 28) konsertin davamı kimi səsləndi. Obrazlı-emosional dərinliyi və texniki mürəkkəbliyi ilə fərqlənən bu əsər Məktəb-studiyanın 9-cu sinif şagirdi Gülər Mahmudzadənin ifasında tamaşaçılara unudulmaz musiqi anları yaşatdı.
Frits Kreyslerin “Kiçik Vyana marşı” 9-cu sinif şagirdi Yusuf Məmmədlinin (müəllim – dosent Gülnarə Quliyeva, kons. – təcrübəçi-tələbə Faidə Hüseynova) ifasında dəqiqliklə təqdim edildi. Violin ifaçısı Yusufun özünəməxsus ifası əsərin xarakterini uğurla əks etdirdi.
Serban Nichiforun melodik elementləri ilə zəngin “Klezmer Dance” əsəri, marimbafon və vibrafonun xüsusi səslənmə imkanlarından istifadə edərək ifaçılar 9-cu sinif şagirdi Məhəmmədəli İbrahimov və 7-ci sinif şagirdi Miraqil Mirzəzadə (müəllim – Firuz Hüseynov, kons. – Anna İsrafilova) tərəfindən yüksək səviyyədə təqdim olundu. Onların birgə ifası əsərin ritmik canlılığını və melodik incəliklərini bacarıqla vurğulayaraq əsərin rəqsvariliyini auditoriyaya çatdırdı.
Tədbirin son musiqi nömrəsi Anri Vyetanın romantizm dövrünə aid “Tarantella” əsəri olmuşdur. Bu parlaq və həyat dolu musiqi, ifaçıdan həm çeviklik, həm də yüksək səviyyəli ustalıq tələb edir. Məktəb-studiyanın məzunu, 11-ci sinif şagirdi Elmir Hüseynovun (müəllim – Arzu Rzayeva, kons. – təcrübəçi-tələbə Hidayət Sadıxbəyli) ifasında ritm dəqiqliyi, temp sabitliyi və emosional dolğunluq aydın şəkildə hiss olunurdu.
BMA-nın İxtisas musiqi məktəb-studiyası təntənəli xarakterli yekun konsertdə tamaşaçıların gur alqışına layiq musiqi çələngi təqdim etdi. Şagirdlərin mükəmməl ifaları, onların ixtisaslaşmış musiqi təhsili aldıqlarının və bu sahədə peşəkar inkişaf yolunda inamla irəlilədiklərinin bariz göstəricisidir. Əldə olunan bu nailiyyətlər, sözsüz ki, İxtisas musiqi məktəb-studiyasının direktoru dosent Sevda Məmmədovanın məqsədyönlü rəhbərliyi və yüksək ixtisaslı pedaqoji heyətinin ardıcıl və səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur.
BMA-nın İxtisas musiqi məktəb-studiyasının
böyük elmi işçisi, musiqişünas
Şəfəq Hacıyeva