• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    30 iyun 2025-ci il 

    BMA-nın İxtisas musiqi məktəb-studiyasının 45 illik yubileyinə həsr olunmuş konsert

     2025-ci il 30 iyun tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik zalında İxtisas musiqi məktəb-studiyasının şagirdlərinin iştirakı ilə növbəti konsert keçirildi. Sözügedən tədbir məktəb-studiyanın 45 illik yubileyinə həsr olunmuşdur və özünəməxsus zəngin musiqi proqramı ilə yadda qaldı.

    Konsert proqramı məzmununa və ifa səviyyəsinə görə olduqca rəngarəng idi. Proqramda Azərbaycan və dünya bəstəkarlarının müxtəlif üslub və janrlarda yazılmış seçmə əsərləri səsləndirildi. Bu musiqi çələngi gənc ifaçıların texniki bacarıqlarını, musiqi duyumunu və estetik zövqünü nümayiş etdirməklə yanaşı, onların pedaqoqları tərəfindən görülmüş ciddi metodik və yaradıcı işin də göstəricisi idi.

    Tədbirdə iştirak edən şagirdlər fortepiano, violin və vokal ixtisasları üzrə təhsil alan, gələcəyin peşəkar musiqiçiləri kimi yetişən gənclərdir. Onların hər birinin ifası başda məktəb-studiyanın direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevda Məmmədova olmaqla müəllimlərin diqqətli və məsuliyyətli hazırlıq prosesindən, valideynlərin dəstəyi və övladlarının sənət yoluna olan marağından qaynaqlanırdı. Auditoriyada əyləşən müəllim və valideynlər ifaları böyük maraq və qürur hissi ilə izləyir, hər bir çıxışı alqışlarla qarşılayırdılar.

    Sonda tədbir iştirakçıları – həm gənc ifaçılar, həm də onları hazırlayan müəllimlər və dinləyicilər konsertdən məmnun qaldıqlarını ifadə etdilər. Bu kimi tədbirlər, təkcə gənc musiqiçilərin səhnə təcrübəsinin formalaşmasına deyil, həm də musiqi təhsili sistemində ənənələrin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.

     

    BMA-nın İxtisas musiqi məktəb-studiyasının

    elmi-metodiki işlər üzrə direktor müavini,

    sənətşünaslıq üzrə fəlsəfə doktoru

    Aytən Baxşiyeva