• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    27 may 2025-ci il 

    Lənkəranda “Müstəqillik Günü”nə həsr olunmuş konsert proqramı keçirildi

    27 may 2025-ci il tarixində Lənkəran Dövlət Universitetinin zalında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tələbələrinin iştirakı ilə Azərbaycan Respublikasının "Müstəqillik Günü"nə həsr olunmuş konsert proqramı keçirildi. Tədbir görkəmli bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində reallaşdırılmışdır.

    Böyük maraq doğuran tədbirdə çıxış edən tələbələr – Gülsarə Bağırova, Namiq Səlimov, Ülvi Hüseynzadə, Zümrüd Əlizadə, Ayşə Məmmədova, Fidan Əmirova, Aydan Hacıəhmədova və Məryəm Babayeva – yüksək peşəkarlıq nümayiş etdirdilər. Gənc musiqiçilər həm klassik, həm də müasir musiqi nümunələri ilə tamaşaçılara musiqi bayramı yaşatdılar.

     Universitetin akt zalında baş tutan konsert, bölgədə mədəni həyatın canlanmasına və musiqi təhsili sahəsində regionlararası əlaqələrin möhkəmlənməsinə xidmət etmişdir.

    Tədbir çərçivəsində Əməkdar müəllim, Bakı Musiqi Akademiyasının Tədris İşləri üzrə prorektoru, professor Nərminə Quliyeva və dosent Aliyə Məmmədovanın Lənkəran Dövlət Universitetinin tələbələrilə ustad dərsləri keçirildi.

    Tədbir iştirakçılar və təşkilatçılar tərəfindən yüksək dəyərləndirilib və gələcəkdə bu kimi layihələrin davam etdirilməsi arzusu ilə başa çatmışdır.