14 may 2025-ci il
Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə musiqi” layihəsi çərçivəsində Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş növbəti konsert keçirildi
14 may 2025-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas fortepiano” kafedrasının müəllimlərinin təntənəli konserti baş tutdu.
BMA-nın “İxtisas fortepiano” kafedrasının professor və müəllim heyəti rəngarəng proqramla çıxış etmişlər. Konsertdə Azərbaycan bəstəkarları Ü.Hacıbəyli, C.Hacıyev və Niyazinin əsərləri ilə yanaşı Avropa və rus bəstəkarları - F.List, M.Ravel, S.Raxmaninov, A.Skryabin, İ.Kornelyuk, S.Barberin solo fortepiano və dörd əl üçün əsərləri dinləyicilərə təqdim olundu.
Fortepiano musiqisinin inciləri Əməkdar müəllim, Fortepiano fakültəsinin dekanı, professor Nəzakət Rimazi, professor Elnarə Kəbirlinskaya, professor Kəmalə Mirbabayeva, dosent Arzu Məmmədova, dosent Züleyxa Abdulla, dosent Günel Kazımova, dosent Nərgiz Salmanlı, Nərgiz Kəngərli, Kəmalə Axundova, baş müəllimlər Zərif Kərimova və Nərgiz Nəzərovanın ifasında səslənmişdir.
BMA-nın prorektorları profesor Nərminə Quliyeva və professor Gülnaz Abdullazadə, həmçinin digər dinləyicilər konsertdən yüksək zövq aldıqlarını bildirərək, ifaçılara dərin minnətdarlıqlarını ifadə etmişlər.
Bu cür konsertlərin keçirilməsi, yüksək peşəkarlıqla hazırlanmış proqramın təqdimatı, Azərbaycan musiqi mədəniyyətinin banisi Üzeyir Hacıbəylinin irsinin yaşadılması üçün böyük əhəmiyyət daşıyır. Tədbir iştirakçıları musiqi dolu bu axşamdan dərin təəssüratlarla ayrıldılar.