25 aprel 2025-ci il
Bakı Musiqi Akademiyasında Xarici Tələbələrin Möhtəşəm Konserti
25 aprel 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil alan xarici tələbələrin iştirakı ilə böyük bir konsert proqramı təqdim olundu. Akademiyanın Böyük zalında baş tutan bu musiqi bayramı, müxtəlif ölkələrdən gələn gənc ifaçıların peşəkarlığını və sənət sevgisini nümayiş etdirdi.
Xalq artisti, Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova BMA-da təhsil alan xarici tələbələrin keçirilən tədbirlərdə aktiv iştiraklarını təqdir edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib, konserti açıq elan etdi.
Konsert proqramı Azərbaycanın və Qərb klassik musiqisinin incilərindən seçilmiş əsərlərlə zənginləşdirilmişdi. Rusiya, İran, Gürcüstan və Özbəkistandan olan xarici vətəndaşlar öz ifaları ilə tamaşaçılara unudulmaz anlar yaşatdılar. Musiqi akademiyasının tanınmış professor və müəllimlərinin rəhbərliyi ilə hazırlanan çıxışlar, tələbələrin yüksək sənətkarlıq səviyyəsini bir daha ortaya qoydu.
Konsertdə xarici tələbələr Sevin Esmaeilzadehgan William Krollun "Banjo and Fiddle" əsərini canlı ifadə tərzi ilə səsləndirdi. Samir Guseinov isə P.İ.Çaykovskinin "Нет только тот, кто знал" romansı ilə səhnəyə duyğulu bir hava gətirdi. İntiqam Abdullayev Henry Mancininin "Meglio stasera" kompozisiyasını, Medina Kurbanova isə Klod Debüssinin "Остров радости" əsərini təqdim edərək fərqli musiqi üslublarını nümayiş etdirdilər.
Gecənin digər parlaq ifalarından biri Nail Akperovun Andrea Bixionun "Parlami d’amore, Mariù!" əsərinə verdiyi həssas və emosional interpretasiya oldu. Tamar Pirveli Robert Şumannın "Lotosblume" əsəri ilə klassik alman romans ənənələrinə öz sayğısını göstərdi.
Anar Mamedov Mitchell Petersin "Yellow after the Rain" əsəri ilə çıxış edərkən, Elena Qafarova isə Fransız bəstəkarı Fransis Pulenkın "Les chemins de l'amour" romansını böyük zövqlə ifa etdi.
Gecənin Azərbaycan musiqisinə olan sevgisi isə Madonna Dadashovanın Tofiq Quliyevin "Axşam mahnısı" ifası ilə daha da vurğulandı. Fathi Mirelnour isə Enrico Cannionun "'O SURDATO 'NNAMMURATO" əsəri ilə italyan musiqi ruhunu zala gətirdi.
Konsert proqramı Sabina Aliyevanın və Saida Axmedovanın Sergey Raxmaninovun romanslarını və Daler Odinaevin virtuoz ifasında səslənən "Prelude in D minor, Op.23 No.3" əsəri ilə tamamlandı.
Bu konsert bir daha sübut etdi ki, Bakı Musiqi Akademiyası yalnız Azərbaycan musiqisinin deyil, həm də beynəlxalq musiqi mədəniyyətinin inkişafına böyük töhfə verir. Xarici tələbələrin yüksək səviyyədə çıxışları onların gələcəkdə dünya musiqi səhnələrində uğurla təmsil olunacaqlarına ümid yaradır.