• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    23 aprel 2025-ci il 

    Milli İncəsənət Muzeyində “Muzeydə musiqi” layihəsi çərçivəsində Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş konsert keçirildi.
    23 aprel 2025-ci il tarixində “Muzeydə musiqi” layihəsinin növbəti tədbiri çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas Fortepiano” kafedrasının müəllim və tələbələri maraqlı konsert proqramı ilə çıxış etdilər. Dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş bu sinif konserti xalq artisti, professor Ülviyyə Hacıbəyova və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərgiz Salmanlının təşəbbüsü ilə təşkil olunmuşdur.
    Qeyd edək ki, Əməkdar müəllim, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris İşləri üzrə prorektoru, professor Nərminə Quliyeva dahi bəstəkar Ü.Hacıbəylinin zəngin yaradıcılıq irsinə nəzər salaraq, onun ənənələrini davam etdirən gənc musiqiçilərin ifalarını təqdir edib, gənclərə uğurlar arzu etdi.
    Konsert proqramında tələbələr  Azərbaycan və Dünya klassik musiqisinin parlaq nümunələrini tamaşaçılara təqdim etdilər. Proqramda Ü.Hacıbəyli, J.S.Bax-Buzoni, S.Prokofyev, K.Debüssi, S.Raxmaninov, A.Skryabin, Q.Qarayev, J.Ramo, F.Şopen, P.Çaykovskiy kimi görkəmli bəstəkarların əsərləri səsləndirildi.
    Konsertdə çıxış edən tələbələr:
    Kubra Həşimli – Üzeyir Hacıbəyli “Cəngi” Zöhrə Ramazanlı – Bax-Buzoni “Çakona”, Çinarə Səmədova – S.Prokofyev Sonata №4 (I hissə), Səma Mustafayeva – K.Debüssi “Ay işığı” , Natavan Səlimova – S.Raxmaninov Etüd-lövhə op.33 №3, A.Skryabin – Etüd op.8  №2 ,Rasimə Abdullayeva – K.Debüssi “Sevinc adası”, Gülnar İrşadi – J.Ramo “Sikloplar”, Q.Qarayev “Kavalkada”, Maya İsmayıllı – F.Şopen – Etüd op.10 №12, P.Çaykovskiy – “Un poco di Chopin” op.72 №15, Məryam Məmmədova – Q.Qarayev “Vals” (işləmə: Zinaida Vitkind) əsərlərini səsləndirdilər.
    Bu cür konsertlərin keçirilməsi, yüksək peşəkarlıqla hazırlanmış proqramın təqdimatı , Azərbaycan musiqi mədəniyyətinin banisi Üzeyir Hacıbəylinin irsinin yaşadılması üçün böyük əhəmiyyət daşıyır. Tədbir iştirakçıları musiqi dolu bu axşamdan dərin təəssüratlarla ayrıldılar.