27 fevral 2025-ci il
27 fevral 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Sınırsız muzik” adlı seminar-konsert keçirildi.
BMA-nın Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva qonaqları salamlayaraq, musiqi təhsilinin autizm xəstəliyindən əzab çəkən uşaqların cəmiyyətə adaptasiya olunmasında vacibliyini, zəruriliyini qeyd etdi. Həmçinin Bakı Musiqi Akademiyasının hər zaman bu səpkidə keçirilən tədbirləri dəstəklədiyini vurğuladı.
Sonra MBA Fortepiano fakültəsinin dosenti Natiq Rzazadə, Atatürk Universiteti Sosioloji bölüm tələbəsi, Fortepiano müəllimi Lalə Cəfərova seminar-konsertin təşkil olunmasında Bakı Musiqi Akademiyasının rəhbərliyinə dərin təşəkkürlərini bildirdilər.
Onlar öz nitqlərində çıxdıqları yolun çətinliyindən, amma peşələrinə olan sevgindən dolayı yüksək nəticələr əldə etdiklərin bəhs etdilər və autizmli uşaqların həyatında musiqi təhsilinin olduqca böyük faydalarını nəzərə çatdırdılar.
Ardınca əyani olaraq, azyaşlılar - K.Erdeniz, C.Hilton, E.Ələkbərov fortepiano arxasına keçib, öz bacarıqlarını nümayiş etdirdilər.
“Seminar-konsert” çərçivəsində təşkil olunan fortepiano gecəsi uşaqların öz qabiliyyətlərini nümayiş etdirmələri ilə yanaşı, ailələrin və cəmiyyətin autizmli uşaqların ehtiyaclarına daha həssas yanaşmasını təmin etmək üçün vacibdir.
Tədbir hər kəs tərəfindən böyük rəğbətlə qarşılandı.