12 fevral 2025-ci il
12 fevral 2025-ci il tarixində Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Bəstəkarlıq kafedrasının tələbələrinin əsərlərindən ibarət konsert keçirildi.
Öncə Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin və Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru Gülnarə Səfərova, BMA-nın Bəstəkarlıq kafedrasının müdiri, əməkdar incəsənət xadimi, professor Ceyhun Allahverdiyev ön söz ilə çıxış etdilər.
Professor Ceyhun Allahverdiyevin, professor Aydın Əzimovun, dosent Arzu Məmmədovanın tələbələri konsertdə uğurla çıxış etdilər.
Konsert proqramında:
• Arsalan Navab Moghadamın violino və fortepiano üçün "Sonatina" (Müəllim: professor Ceyhun Allahverdiyev),
• Ülvi Hüseynzadənin violino və fortepiano üçün "2 pyes" (Müəllim: professor Ceyhun Allahverdiyev),
• Vahid Rəhimovun tenor ilə fortepiano üçün "İstərəm" qəzəl-romansı, fortepiano üçün "3 pyes" (Müəllim: professor Ceyhun Allahverdiyev),
• Fatimə Məmmədzadənin fortepiano üçün "Dumanlı gecədə işıq" (Müəllim: dosent Arzu Məmmədova),
• Ağabəşir Bayramzadənin fortepiano üçün "3 pyes" (Müəllim: professor Ceyhun Allahverdiyev),
• Fatimə Məmmədlinin fortepiano üçün "5 prelüd" (Müəllim: professor Aydın Əzimov),
• Sevgim Musazadənin soprano ilə fortepiano üçün "Yenə ol mah mənim aldı qərarım bu gecə" qəzəl-romansı (Müəllim: professor Aydın Əzimov) səsləndi.
Konsertdə gənc bəstəkarların əsərlərini Elina Əliyeva (violino), I kurs tələbəsi, respublika və beynəlxalq müsabiqələr laureatı Əli Hüseynli (piano), I kurs tələbəsi Şöhrət İsmayılov (tenor), Vəfa Əhmədbəyova (piano), Fatimə Məmmədova (piano), II kurs tələbəsi, respublika və beynəlxalq müsabiqələr laureatı Elvin Əliyev (piano), II kurs tələbəsi, respublika və beynəlxalq müsabiqələr laureatı Nigar Vəlizadə (piano) ifa etdi.
Konsertin keçirilmə məqsədi gənc bəstəkarların əsərlərinin təbliği, eyni zamanda musiqi məktəbi şagirdlərində bəstəkarlıq ixtisasına marağın artırılması, doğru münasibət yaradılmasıdır.