5 fevral 2025-ci il tarixində Bülbül adına Orta İxtisas Musiqi Məktəbində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Bəstəkarlıq kafedrasının tələbələrinin əsərlərindən ibarət konsert keçirildi.
Öncə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin direktoru, xalq artisti Teymur Göyçayev, BMA-nın Bəstəkarlıq kafedrasının müdiri, əməkdar incəsənət xadimi, professor Ceyhun Allahverdiyev ön söz ilə çıxış etdilər.
Professor Ceyhun Allahverdiyevin, professor Aydın Əzimovun, dosent Arzu Məmmədovanın tələbələri konsertdə uğurla çıxış etdilər.
Konsert proqramında Arsalan Navab Moghadamın fortepiano üçün "Sonata" (I hissə) (Müəllim: professor Ceyhun Allahverdiyev), Ülvi Hüseynzadənin "Gördüm" qəzəl-romansı, fortepiano üçün "Mövzu və 13 variasiya" (Müəllim: professor Ceyhun Allahverdiyev), Həsən Bədəlzadənin fortepiano üçün "3 prelüd" (Müəllim: professor Aydın Əzimov), Vahid Rəhimovun "İstərəm" qəzəl-romansı, fortepiano üçün "4 pyes" (Müəllim: professor Ceyhun Allahverdiyev), Fatimə Məmmədzadənin fortepiano üçün "Dumanlı gecədə işıq" (Müəllim: dosent Arzu Məmmədova), Ağabəşir Bayramzadənin violino və fortepiano üçün "3 pyes" (Müəllim: professor Ceyhun Allahverdiyev), Fatimə Məmmədlinin violino və fortepiano üçün "Pyes" və "Rəqs-skerso" (Müəllim: professor Aydın Əzimov), Nuray Əliyevanın fortepiano üçün "2 pyes" (Müəllim: professor Ceyhun Allahverdiyev), Sevgim Musazadənin "Yenə ol mah mənim aldı qərarım bu gecə" qəzəl-romansı, fortepiano üçün "2 pyes" əsərləri səsləndi.
Konsertdə gənc müəlliflərin əsərlərini III kurs tələbəsi İsmayıl Əsədbəyli (bariton), I kurs tələbəsi Şöhrət İsmayılov (tenor), respublika və beynəlxalq müsabiqələr laureatı Cəmil Sədizadə (piano), I kurs tələbəsi, respublika və beynəlxalq müsabiqələr laureatı Əli Hüseynli (piano), Vəfa Əhmədbəyova (piano), Fatimə Məmmədova (piano), II kurs tələbəsi Elvin Əliyev (piano), III kurs tələbəsi Özcan Cabbari (violino), Hüseyn Kərimov (piano) ifa etdi.
Konsertin keçirilmə məqsədi gənc bəstəkarların əsərlərinin təbliği, eyni zamanda Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdlərində bəstəkarlıq ixtisasına marağın artırılması olmuşdur.