17 yanvar 2025-ci il
Əməkdar incəsənət xadimi, professor Arif Əsədullayev 75 illik yubiley və 57 illik yaradıcılıq gecəsinə həsr olunmuş konsert
2025-ci il yanvar ayının 17-də Beynəlxalq Muğam Mərkəzində Əməkdar incəsənət xadimi, professor Arif Əsədullayevin 75 illik yubileyi və 57 illik yaradıcılıq gecəsinə həsr olunmuş konsert keçirilib.
Konserti Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, laboratoriyanın baş elmi işçisi, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayevin təvazökar, təmkinli, alicənab, səmimi, gözəl ailə başçısı olması ilə yanaşı, eyni zamanda, Xalq artisti Şəfiqə Eyvazova və Mehri Əsədullayevanın bu sənətdə olan yaradıcı uğurlarının mühüm əhəmiyyətini qeyd etdi. Moderator eyni zamanda Ustadın elmi və pedaqoji fəaliyyəti haqqında ətraflı danışdı. Məhz Arif müəllimin daim muğamlarımızın saflığının keşiyində durduğunu və onların təbliğini xüsusi qeyd etdi. Buna misal Ustadın bu sahədə qələmə aldığı elmi məqalələr, monoqrafiyalar, muğamların nota yazılması ilə bağlı kitablarını göstərmək olar. Eyni zamanda muğamların nota yazılması ilə yanaşı kamança alətinin spektral təhlili haqqında da məlumat verərək, Arif Əsədullayevlə birgə elmi-tədqiqat laboratoriyasının elmi işçilərini də təqdim etdi.
Konsertdə Muğam Mərkəzinin direktoru Əməkdar artist Sahib Paşazadə, Ü.Hacıbəyli adına BMA-nın Elm və yaradıcılıq işləri üzrə prorektor, Əməkdar incəsənət xadimi, f.e.d., professor Gülnaz Abdullazadə, Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov, sənətşünaslıq elmlər doktoru, professor Abasqulu Nəcəfzadə, elmi işçi Zeynal İsayev və tələbələri Arif Əsədullayevin pedaqoji və elmi yaradıcılığı haqqında danışaraq yubilyara hədiyyələr, ona yazılmış ünvanları təqdim etdilər. Onu da qeyd etmək lazımdır ki, Arif Əsədullayevin pedaqoji fəaliyyəti ilə bağlı videoçarx da nümayiş olundu.
Konsert proqramında Xalq artistləri Teyyub Aslanov, Gülyaz Məmmədova, Əməkdar artist Arzu Əliyeva, muğam müsabiqəsinin laureatı Nisbət Sədrayeva, Murad Laçının ifasında təsniflər, mahnılar ifa edildi. Xalq artisti Şəfiqə Eyvazova və Mehri Əsədullayevanın ifasında “Ritmik raqa”, rənglər, “Kərəmi” zərbli muğamı və xüsusilə də Mehri Əsədullayevə ithaf olunan Cəlal Səmədovun “Mehri” əsərinin ilk ifası özünəməxsus ifa üslubunda təqdim olundu.
Əziz Arif müəllim!
Sizi, 75 illik yubileyiniz və 57 illik yaradıcılıq fəaliyyətinizlə əlaqədar səmimi qəlbdən təbrik edir, can sağlığı və yaradıcılıq uğurları arzulayırıq. Var olun!
Nəsirova-Əhmədova Fidan
“Şifahi ənənəli Azərbaycan musiqinin
və yeni istiqamətlərin tədqiqi” adlı
emi laboratoriyanın elmi işçisi