22 oktyabr 2024-cü il
2024-cü il oktyabrın ayının 21-22 tarixlərində Qnesin adına Rusiya Musiqi Akademiyasının prezidenti, Rusiya Federasiyasının əməkdar artisti, Rusiya hökuməti mükafatı laureatı, Pedaqoji elmlər namizədi, professor,
Musiqi ustalığı və Müasir İfaçılıq şöbəsinin müdiri (YUNESKO Departamentinin statusu) Qalina Mayarovskaya və Akademiyanın professor heyəti Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına səfəri təşkil olunmuş, gənc musiqiçilərlə ustad dərslər keçib, mühazirələrlə çıxış etmişlər.
Səfər çərçivəsində 22 oktyabr tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Qnesin adına Rusiya Musiqi Akademiyasının və Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə təntənəli konserti keçirildi.
Öncə Xalq artisti, Ü.Hacıbəyli adına BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli bütün qonaqları salamlayaraq, iki ölkənin Musiqi Akademiyası arasında bağlanan memorandomun mahiyyətindən danışdı.
Sonra Qnesin adına Rusiya Musiqi Akademiyasının rektoru, professor, Rusiya hökuməti mükafatı laureatı, Rusiya Federasiyasının təhsil sahəsi üzrə fəxri işçisi Aleksandr Rıjinski, Qnesin adına Rusiya Musiqi Akademiyasının prezidenti, Rusiya Federasiyasının əməkdar artisti, Rusiya hökuməti mükafatı laureatı, Pedaqoji elmlər namizədi, professor, Musiqi ustalığı və Müasir İfaçılıq şöbəsinin müdiri Qalina Mayarovskaya da layihəni dəstəkləyərək, hər iki dost ölkənin mədəniyyət əlaqələrini gücləndirən memorandumun əhəmiyyətindən söz açdılar.
Tədbirin mötəbər qonaqları sırasında olan Rusiyanın Azərbaycandakı səfirliyinin birinci müşaviri Pavel Kuznetsov və Rusiyanın Azərbaycandakı səfirliyinin məsləhətçisi, Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov da ürək sözləri ilə çıxış edərək, belə möhtəşəm tədbirin ərsəyə gəlməsində bütün təşkilatçılara və iştirakçılara dərin minnətdarlığını bildirdi.
Konsert Qnesin adına Rusiya Musiqi Akademiyasının rektoru, professor, Rusiya hökuməti mükafatı laureatı, Rusiya Federasiyasının təhsil sahəsi üzrə fəxri işçisi Aleksandr Rıjinskinin dirijorluğu ilə Xalq artisti, professor Gülbacı İmanovanın olduğu Azərbaycan Dövlət Xor Kapellasınınifası ilə başladı.
Sonra Beynəlxalq müsabiqələr laureatı, Qnesin adına Rusiya Musiqi Akademiyasının “Solo ifaçılıq” kafedrasının professoru Yekaterina Starodubrovskaya, Rusiya Federasiyasının əməkdar artisti, Qnesin adına Rusiya Musiqi Akademiyasının violin və viola kafedrasının müdiri Aleksey Koşvanets əsrarəngiz ifaları ilə çıxış etdilər.
Qnesin adına Rusiya Musiqi Akademiyasının professorlarını - Yekaterina Starodubrovskaya və Aleksey Koşvanetsi Bakı Musiqi Akademiyasının Sənətşünaslıq üzrə fəlsəfə doktoru, “İxtisas fortepiano” kafedrasının dosenti, beynəlxalq müsabiqələr laureatı Nərgiz Salmanlı və Sənətşünaslıq üzrə fəlsəfə doktoru, “İxtisas fortepiano” kafedrasının baş müəllimi, beynəlxalq müsabiqələr laureatı Nərgiz Kəngərli müşayiət etmişlər.
Xüsusi zövqlə seçilmiş konsert proqramında Giuseppe Verdinin “Nabucco” operasından xalqın xoru, “Trubadur” operasından Qaraçıların xoru,
Sergey Prokofyevin “Aleksandr Nevskiy” kantatasından xor, “Вставайте, люди Русские”,
Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Şəbi hicran xoru”, Fərhad Bədəlbəylinin “Ave Maria”, Maurice Ravelin “Piece en forme de Habanera”, Enrique Granadosun “No lloreis ojuelos”, Johann Straussun “G’schichten aus dem Wienerwald”, Stanislao Gastaldonun “Musica proibita”, Qara Qarayevin “Я вас любил”, Pablo de Sarasatenin “Romanza Andaluza”, Ernst Blochun “İmprovizasiya”,
Pyotr İlyiç Çaykovskinin “Vals-skertso”, Qara Qarayevin Skripka və fortepiano üçün sonata (III hissə), sonda isə Xalq artisti Fərhad Bədəlbəylinin müşayiətilə vokal ifaçı Yekaterina Starodubrovskayanın ifasında daha iki əsər-Sergey Raxmaninovun “Молитва”, “Маргаритки” əsərləri dinləyicilərə təqdim olundu.
Təntənəli konsert gecəsi tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılandı.