• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1 oktyabr 2024-cü il

    1 oktyabr 2024-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində 1 oktyabr – Beynəlxalq  Musiqi Günü və muzeyin açılışının 6 illiyi münasibətilə tədbir keçirilmişdir.

    Tədbir həm də 1975-ci ildən başlayaraq hər il oktyabr ayının 1-də bütün dünyada qeyd olunan Beynəlxalq Musiqi Gününə həsr olunmuşdur. Bu bayram bütün musiqiçilərin və bütün musiqisevərlərin bayramıdır.

    Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmiş, fəaliyyət göstərdiyi altı il ərzində muzeydə görülən işlər, əldə olunan nailiyyətlər və yeni materiallar barədə məlumat vermişdir. Qara Qarayevin qızı Züleyxa Bağırova-Qarayeva videotəbriklə xaricdən tədbirə qatılmışdır. Qara Qarayev ev-muzeyinin ekskursiyaçısı, gənc musiqişünas Ulduz Əliyeva Beynəlxalq Musiqi Günü və bu gözəl musiqi bayramının maarifləndirici əhəmiyyəti haqqında çıxış etmişdir. Onların çıxışı muzeyin fəaliyyətini əks etdirən slayd-şou ilə müşayiət olunmuşdur.

    Tədbirdə musiqişünas, professor, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə, musiqişünas, publisist və pedaqoq Raya Abbasova Qara Qarayevin Azərbaycan musiqisində möhtəşəm yeri, tövsiyyələri, bəstəkarlıq məktəbi haqqında çıxış etmiş, muzeyə fəaliyyətində uğurlar arzu etmişlər.

    Tədbirin bədii hissəsində Azərbaycan Diplomatik Akademiyasının müəllimi,    Beynəlxalq Müsabiqələr laureatları Humay Qasımzadə (f-no), Beynəlxalq müsabiqələr laureatları Osman Eyyublu (violin), Tofiq Şıxıyev (f-no), Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Lalə Muxtarova (violin), Aynur İsgəndərli (vokal), Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının konsertmeysteri, Əməkdar artist Nigar Məlikova (f-no), R.Behbudov adına 2 № li 11 illik Musiqi Məktəbinin şagirdi Pərviz Bağırov (f-no), pianoçular - Respublika və Beynəlxalq müsabiqələr laureatları Ofeliya Dadaşova, Ləman Qulamova, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının IV kurs tələbəsi Leyla Hüseynzadənin (müəllim: Əməkdar müəllim Kamalə Mirbabayeva) ifalarında Qara Qarayevin, Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət rəngarəng konsert proqramı təqdim olunmuşdur.