• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    22 sentyabr 2024-cü il

    Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində ölkəmizdə müxtəlif konsertlər, ustad dərslər, bir-birindən maraqlı tədbirlər keçirilməkdədir.

    Bu tədbirlər təkcə paytaxt Bakı şəhəri ilə məhdudlaşmır. Ölkəmizin müxtəlif şəhərlərində də incəsənət adamlarını bir araya toplayan tədbirlər təşkil olunur.
    Festival çərçivəsində növbəti təntənəli konsertlər Qəbələ və Şuşa şəhərlərində keçirildi.
    Öncə 21 sentyabr tarixində Qəbələ şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qəbələ şəhərində möhtəşəm konsert tədbiri baş tutdu.
    Daha sonra 22 sentyabr tarixində Şuşa şəhərində baş tutan konsert Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə ölkəmizin musiqi beşiyi sayılan Şuşa şəhərində “Qarabağ gecəsi - Şuşa” adlı xeyriyyə məqsədilə keçirilmişdir.
    Qəbələ və Şuşa şəhərlərində keçirilən konsertlərdə Əməkdar artist, dirijor Fuad İbrahimovun rəhbərliyi altında Bakı Kamera  Orkestri  və solistlər - Xalq artistləri Fərhad Bədəlbəyli, Yeganə Axundova, Yusif Eyvazov, Gülnaz İsmayılova və beynəlxalq müsabiqələr laureatları Nəzrin Aslanlı (violin), Qəmər Kərimli (violin), Mahir Tağızadə  (bariton) əsrarəngiz ifaları ilə musiqi mədəniyyətimizi layiqincə təmsil etmişlər.
    Qeyd edək ki, Bakı Kamera Orkestrinin bədii rəhbəri SSRİ və Azərbaycan Xalq artisti, professor Fərhad Bədəlbəyli, baş dirijoru Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimov, direktoru Azərbaycan Respublikasının Xalq artisti, professor Yeganə Axundovadır.
    Zəngin konsert proqramında  Üzeyir Hacıbəylinin “Arazbarı”, Fərhad Bədəlbəylinin “Dəniz”, İohan Sebastiyan Baxın “Gavotte və Musette”, Ernst von Dohnanyinin “Serenada”, Ceyhun Allahverdiyevin “Misri” (Üzeyir bəyə ithaf), Niyazinin “Arzu”, Arif Məlikovun “Sehrli xalat” filmindən “Qızların rəqsi”, “İki qəlbin dastanı” baletindən “Komdenin arzuları”, Fikrət Əmirovun “1001 gecə” baletindən “Şəhrizadın bayramı”, “Azərbaycan elləri”, Qara Qarayevin İki rəqs, Antonio Vivaldinin “İlin fəsilləri” konsertindən “Yay”, Tofiq Quliyevin “Qaytağı”, Leonid Desyatnikovun “Bukovina”, Niyazinin “Qaytağı”, Müslüm Maqomayevin “Azərbaycan” əsərləri dinləyicilərə təqdim olundu.

    Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutan və QDF tərəfindən “YAMAHA” istehsalı olan böyük konsert royalının Şuşa şəhərinə hədiyyə edilməsinə həsr edilən konsertdə dövlət rəsmiləri, Fondun donor və tərəfdaşları, tanınmış mədəniyyət və incəsənət xadimləri və Şuşa sakinləri iştirak etmişlər.