• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    23 sentyabr 2024-cü il

    Görkəmli pianoçu, pedaqoq Elmira Səfərovaya həsr olunan xatirə axşamı keçirilib.

    Sentyabrın 23-də Bakı Kitab Mərkəzində görkəmli pianoçu, pedaqoq və Əməkdar incəsənət xadimi Elmira Səfərovanın anadan olmasının 90-cı ildönümünə həsr olunmuş xatirə axşamı keçirilib. Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunan tədbirdə tanınmış mədəniyyət xadimləri, sənətkarın şagirdləri, həmkarları, dostları və ailə üzvləri iştirak edib.

    Tədbirdə Elmira Səfərovanın musiqiyə həsr etdiyi həyatından danışılıb, onunla bağlı xatirələr bölüşülüb və ona həsr olunmuş videoçarx nümayiş edilib. 

    Bu tədbirin onun üçün mühüm əhəmiyyət daşıdığını bildirən Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı Elmira Səfərovanı nəcib insan, bənzərsiz pedaqoq, dəyərli dost, vətənpərvər ziyalı, Azərbaycanı bütöv varlığı ilə sevən bir musiqişünas kimi səciyyələndirib.

    Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərxad Bədəlbəyli, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə və Mədəniyyət nazirinin müavini Murad Hüseynov Elmira Səfərovanın yaradıcılığı və yüksək insani keyfiyyətləri haqqında fikirlərini bölüşüb, onun adının musiqi tariximizdə əbədi yaşayacağını qeyd ediblər.

    Diqqətə çatdırılıb ki, 1997-ci ildə dünyasını dəyişən Elmira Səfərovanın yetirmələri bu gün konsert-ifaçılıq və pedaqoji fəaliyyətləri ilə onun yolunu davam etdirirlər.

    Tədbirdə tanınmış və gənc musiqiçilərin, o cümlədən Elmira Səfərovanın şagirdlərinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

    Sonda sənətkarın bacısı, akademik və musiqişünas Zemfira Səfərova, ailə üzvləri adından Elmira Səfərovanın xatirəsinə göstərilən ehtirama görə tədbir iştirakçılarına təşəkkür edib.