18 sentyabr 2024-cü il
18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Məlumdur ki, Ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində dahi bəstəkara həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilir.
Milli Musiqi Günü Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XVl Beynəlxalq Musiqi festivalı ilə əlaqədar Bakı, Şuşa, Gəncə şəhərlərində və digər rayonlarda silsilə tədbirlər keçiriləcəkdir.
Tədbirdə giriş sözü ilə görkəmli pianoçu, Xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli çıxış etdi. O, dahi bəstəkar Üzeyir Hacıbəylinin musiqi tariximizdəki rolundan danışaraq qeyd etdi ki, Azərbaycanın zəngin musiqi mədəniyyətini, Üzeyir bəyin ənənələrini daim yaşatmalı və inkişaf etdirməliyik.
Dünya şöhrətli opera ifaçısı, Xalq artisti, BMA-nın “Solo oxuma və opera hazırlığı” kafedrasının müdiri, professor Xuraman Qasımova Milli Musiqi günü ilə əlaqədar musiqiçiləri təbrik edib, Üzeyir Hacıbəylinin ata yurdu azad Şuşada böyük festivalların keçirildiyini söylədi: “Bizə bu xoşbəxtliyi yaratdığına görə Prezident İlham Əliyevə təşəkkür edirik!”.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov dahi bəstəkarın zəngin yaradıcılığından, musiqi mədəniyyətimizin tarixindəki rolundan söz açdı. Üzeyir Hacıbəyli musiqisinin şöhrəti bir əsrdən çoxdur ki, dünyanı dolaşır, mötəbər səhnələrdə səsləndirilir və böyük rəğbətlə qarşılanır.
BMA-nın “Humanitar fənnlər” kafedrasının müdiri filologiya elmləri doktoru, professor Tərlan Quliyev bu il anadan olmasının 530 illiyi qeyd edilən dahi şair və mütəfəkkir Məhəmməd Füzulinin yaradıcılığından nümunə səsləndirdi.
Daha sonra BMA-nın qarşısında Üzeyir bəyin abidəsi ətrafında konsert proqramı təqdim olundu.
Konsertdə Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri (bədii rəhbər və dirijor: Əməkdar incəsənət xadimi, polkovnik Rüfət Axundzadə), Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər: Xalq artisti Gülbacı İmanova), Əməkdar artist Xəyyam Mustafazadə, solistlər Aynur İsgəndərli, Kənan Qədimov çıxış etdilər.
Proqramda Ü.Hacıbəylinin “Koroğlu” operasından “Rəqs”, “Ey Vətən”, M.Maqomayevin “Odlar yurdu”, F.Bədəlbəylinin “Anamız Azərbaycan”, R.Axundzadənin “Qələbə marşı” əsərləri və “Heyratı” zərbi muğamı səsləndirildi.
İfa olunan bütün musiqi nömrələri tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılandı.