4 iyul 2024-cü il
4 iyul 2024-cü il tarixində Heydər Əliyev Mərkəzində “SABAH-ın məzunu – 2024” mərasimi keçirildi.
Tədbir iştirakçıları öncə “SABAH” məzunlarının nailiyyətlərini əks etdirən sərgi ilə tanış oldular.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Qeyd edək ki, mərasimdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikasının Elm və təhsil naziri Emin Əmrullayev, dövlət və özəl qurumların rəsmiləri, ali təhsil müəssisələrinin rektorları, müəllim və tələbələr iştirak etmişlər.
Mərasimdə çıxış edən Elm və Təhsil naziri Emin Əmrullayev “SABAH” qruplarının nailiyyətlərindən söz açdı. Nazir bildirib ki, “SABAH”ın yaradılmasının məqsədi rəqabət mühiti yaratmaqdır.
Ardınca isə “SABAH”ın uğurlu məzunları ilə bağlı videoçarx nümayiş etdirildi.
Tədbirdə hər il təkrarlanan ənənə – rəmzi “SABAH” açarının hazırkı məzunlardan növbəti ilin məzunlarına ötürülməsi mərasimi də keçirildi.
Daha sonra yüksək göstəriciləri ilə fərqlənən məzunlar təltif olundular.
Tədbir çərçivəsində “SABAH” qruplarının tələbələrinin ifasında musiqi nömrələri səsləndirildi.
Mərasimin sonunda “SABAH” qruplarının himni səsləndirilib, xatirə fotosu çəkdirildi.