4 iyul 2024-cü il
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında iki yaradıcı xanımın müəllif konserti
4 iyul 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında iki yaradıcı şəxsiyyət – musiqişünas-bəstəkar Aytən Oqtayqızı və pianoçu-bəstəkar Nuranə Zeynalovanın müəllif konserti keçirildi. Hər iki musiqiçi professional musiqi təhsili almış və gələcək yaradıcı yollarını müəyyən etmişdilər.
Maraqlı məqamlarla zəngin olan tədbir müxtəlif mövzulu əsərlərlə yaddaşlarda qaldı. Xüsusi vurğulamaq lazımdır ki, hər iki musiqiçi öz yaradıcılıqlarında vətənpərvərlik mövzusuna daha çox yer verərək, Azərbaycan tarixinin həm acılı, həm də zəfər dolu səhifələrini göstərir və igid qəhrəmanlarımızın şücaətini vəsf edirlər. Tədbir nömrələri sırasında musiqisi Aytən Oqtayqızına, sözləri isə Gülər Əlvanqızına aid şəhid leytenant Emil Məmmədəliyevə həsr olunmuş “Vətən Şəhidi” (İfaçı: Azərbaycan Respublikasının Xalq artisti Samir Cəfərov) və Nuranə Zeynalovanın (söz. Jalə İbrahimin) şəhid baş leytenant Daşdəmir Paşayevə ithafı qismində “Vətən yaşasın” (İfaçı: Beynəlxalq müsabiqələr laureatı Güllübəyim Məmmədova) kompozisiyası səsləndi və zalda iştirak edən şəhid ana və bacılarına ehtiram hissi bildirildi.
Tədbirin dramaturji quruluşuna görə hər iki bəstəkar vətənpərvərlik mövzusuyla yanaşı Azərbaycanın dahi şəxsiyyətlərinin – Üzeyir Hacıbəyli, Nizami Gəncəvi, Fikrət Əmirov və Arif Məlikovun xatirəsinə həsr olunmuş bəstələr təqdim etdilər.
Bir-birindən fərqli əsərlər Azərbaycanın Əməkdar artistləri Əyyub Əliyev (violonçel) və Tural Ağasıyev (vokal), Üzeyir Hacıbəyli adına BMA-nın İxtisas musiqi məktəb-studiyasının direktoru, dosent Sevda Məmmədova (pianoçu), Beynəlxalq müsabiqələr laureatları Yuliya Heydərova və Teymur Kazımov, həmçinin Məktəb-studiyanın uşaq xor kollektivi (bədii rəhbər – Azərbaycanın Əməkdar müəllimi, dosent Aqil Qafulov) və həmin müəssisənin VIII sinif şagirdi, Beynəlxalq müsabiqələr diplomantı, violin ifaçısı Yusuf Məmmədli (müəllim – dosent Gülnarə Quliyeva) tərəfindən yüksək səviyyədə ifa olundu.
Qeyd olunmalıdır ki, konsertin musiqiçi-müəllifləri Nuranə Zeynalova və Aytən Oqtayqızı öz əsərlərinin məharətli ifaçısı kimi də çıxış edirdilər. Tədbiri idarə edən Promediagroup, Baku Retro FM-in aparıcısı Sevinc Salahova konsert tədbirini böyük ustalıqla təqdim etdi, hər bir əsərin tarixçəsini tamaşaçıların diqqətinə çatdırdı, eyni zamanda poeziya dəqiqələrində xüsusi qiraəti ilə həzin və duyğulu ab-hava yaratdı.
Üzeyir Hacıbəyli adına BMA-nın İxtisas musiqi
məktəb-studiyasının böyük elmi işçisi,
musiqişünas Şəfəq Hacıyeva