• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1 iyul  2024-cü il

    Məktəb-studiyanın yekun konserti

    2023 – 2024-cü tədris ilinin sonuna gəldik. İlin əvvəlindən nəzərdə tutulan proqramlar – müsabiqələr, tədbirlər, konsertlər uğurla başa çatdı. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İxtisas musiqi məktəb-studiyası yekun konsertini 1 iyul 2024-cü il tarixində, BMA-nın Böyük zalında keçirdi. Məktəb-studiyanın baş metodisti Natəvan Fərzəliyeva tədbiri açıq elan edərək şagirdləri təqdim etdi.

    Rəngarəng konsert proqramında müxtəlif ixtisaslar – fortepiano, violin, fleyta, vokal və zərb alətləri üzrə şagirdlərinin çıxışları yer almışdır.

    Fortepiano ixtisası üzrə Məktəb-studiyanın direktoru, dosent Sevda Məmmədovanın 5-ci sinif şagirdi Qasımlı Mikayıl M.Mirzəyevin “Gəzinti”, 7-ci sinif şagirdi Zeynalova Səkinə M.Qlinkanın “Ayrılıq”, Əməkdar müəllim, dosent Nərgiz Mansurovanın 4-cü sinif şagirdi Seyfpur Araş F.Şopenin si minor Valsı, 6-cı sinf şagirdi Quliyev Hüseyn Q.Qarayevin lya minor Sonatinası (III hissə), 8-ci sinif şagirdi Mahmudzadə Gülər F.Şopenin lya major Polonez əsərini ifa etdi. Romantizm cərəyanına və Azərbaycan bəstəkarlarının yaradıcılığına məxsus, pianoçuların repertuarında geniş yer tutan bu əsərlər texniki hazırlıqları ilə bərabər obrazlı ifa təqdimatına görə yüksək qiymətləndirildi.

    Fleyta ixtisası üzrə Rəşad Abdullayevin 2-ci sinif şagirdləri – Yolçuzadə Cəmilə Y.Haydnın “Andante”, Yolçuzadə Leyla İ.S.Baxın “Menuet” əsərlərini məktəb-studiyanın təcrübəçi-tələbəsi Fatimə Əsgərovanın müşayiəti ilə ifa etdilər. Kiçik yaşlarına baxmayaraq artıq səhnə həyəcanına alışan ifaçılar polifonik pyeslərin bütün səslərini məharətlə dinləyicilərə çatdırdılar.

    Violin ixtisası üzrə dosent Arzu Rzayevanın 9-cu sinif şagirdi Qazıyeva Şəhla P.İ.Çaykovskinin “Qu gölü” baletindən Rus rəqsini Məktəb-studiyanın məzunu və müəllimi, Beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənlinin müşayiəti ilə ifa etdi. Əsərin asta templə başlayan girişindən kulminasiyasına qədər sürətlənən və dəyişkən xarakteri özəlliklə şərh olundu.

     Zərb alətləri üzrə Firuz Hüseynovun 6-cı sinif şagirdi Mirzəzadə Miraqil ksilofonda Q.Qarayevin “Yeddi gözəl” baletindən “Ayşənin rəqsi”ni, 8-ci sinif şagirdi İbrahimov Məhəmmədəli marimba alətində R.Qliyerin “Qırmızı çiçək” baletindən “Qızların çətirlərlə rəqsi” əsərlərini Fəqan Həsənlinin yüksək səviyyəli müşayiəti ilə təqdim etdilər. Şagirdlərin ifasında öz musiqi alətlərinə qarşı olan sevgi xüsusilə hiss olunurdu. Dinləyicilərin yaxşı tanıdığı bu əsərlər zərb alətində də maraqla qarşılandı.

    Konsertin ansambl nömrəsi – V.A.Motsartın Fleyta və fortepiano üçün yazılmış Andante əsəri Dilarə Salayevanın 10-cu sinif şagirdi Hümmətova Sumra (fortepiano) və 5-ci sinif şagirdi Abdullalı Nuray (fleyta) tərəfindən təqdim olundu.

    Vokal ixtisası üzrə 7-ci sinif şagirdi Mahmudova Kamilə A.Kaldoranın “Alma Del Core”, 1-ci sinif şagirdi Xəlilova Erika B.Hovardın “Fly me to the moon” əsərlərini müəllimləri Ofeliya Axundovanın müşayiəti ilə ifa etdilər. 17 – 18-ci əsrlərin İtaliya xoral mahnısından 20-ci əsrin Amerika caz musiqisinə keçid konsertin ab-havasına rəng qatdı.

    Silsilə şəklində davam edən hesabat konsertlərində Məktəb-studiyanın demək olar ki, bütün şagirdləri çıxış etdilər. Bu ifalar müəllim və şagirdlərin 2023 – 2024-cü tədris ilinin uğurlu nəticəsi idi.

     

    Musiqişünas

    Tutu Hüseynova