29 iyun 2024-cü il
Məktəb-studiya şagirdlərinin hesabat konserti
2023 – 2024-cü tədris ilinin yekun tədbirlərini izləyirik. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İxtisas musiqi məktəb-studiyası 29 iyun 2024-cü il tarixində, BMA-nın Böyük zalında konsert proqramı ilə çıxış etdi. Məktəb-studiyanın baş metodisti Natəvan Fərzəliyeva tədbiri açıq elan edərək şagirdləri təqdim etdi.
Konsert proqramında fortepiano ixtisası üzrə Məktəb-studiyanın direktoru, dosent Sevda Məmmədova, Əməkdar müəllim, dosent Mədinə Tuayeva, Dilarə Salayeva, dosent Sevinc Sultanova, Nuranə Zeynalova, Nərminə Əliverdi-zadə, Anna İsrafilovanın, violin ixtisası üzrə dosent Arzu Rzayeva, Nairə Qulamovanın, vokal ixtisası üzrə Ofeliya Axundovanın şagirdlərinin çıxışları yer almışdır.
Müxtəlif dövrləri əhatə edən bəstəkar yaradıcılığında – İ.S.Bax, V.A.Motsart, L.V.Bethoven, D.Şostakoviç, D.Kabalevski, İ.Berkoviç, A.Diabelli, Q.K.Qurlitt, Stevart-Qlover, J.H.Ravina, L.Koçetov, M.Şmits, B.Berlin, M.Steçer, eləcə də Azərbaycan bəstəkarlarından – F.Əmirov, S.Rüstəmov, Ə.Abbasov, A.Məlikov kimi müəlliflərin əsərlərinə müraciət olunmuşdur.
İfaçılar arasında aşağı sinif şagirdləri üstünlük təşkil edirdi. Fortepiano ixtisası üzrə 1-ci sinif şagirdləri – Hacıyeva Ulduzə, Qənbərli Hiranur, 2-ci sinif şagirdləri – Həşimzadə Uğur, İsmayılova Məryəm, Əsədullayeva Həcər, Əşrəfzadə Selcan, Hüseynzadə Nilufər, Salayeva Leyla, Musayeva Mədinə, 3-cü sinif şagirdləri – Mirzəbəyli Minaxanım, Rüstəmxanlı Sabir, Kərimli Mehdi, Qasımlı Nadir, Bayramova Safira, Zeynalova Safiya kiçik yaşlarından böyük səhnənin həyacanını yaşayıb və məsuliyyətini hiss etdilər. Musiqini duyaraq, obrazlı şəkildə xarakteri tamaşaçılara çatdırmaq üçün aylarla üzərində çalışdıqları bu əsərlərin bir daha yeni təfsirini canlandırdılar. Kiçik yaşlı şagirdlərin dünya şöhrətli ifaçıları yetişdirən bu səhnədə ilk addımları valideyn və müəllimlərini qürurlandırdı.
Fortepiano ixtisası üzrə 5-ci sinif şagirdlərindən – Qasımlı Mikayıl, Hacıyeva Sara, Quluzadə Məryəm, 6-cı sinif şagirdi Nəsirova Aylin müraciət etdikləri proqramı uğurla təqdim etdilər.
Violin ixtisası üzrə 1-ci sinif şagirdi Məhərrəmli Aylin təcrübəçi-tələbə Nargül Aslanovanın, 5-ci sinif şagirdi Mirzəzadə Emiliya və 9-cu sinif şagirdi Qazıyeva Şəhla isə Məktəb-studiyanın məzunu və müəllimi, Beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənlinin müşayiəti ilə çıxış etdilər.
Vokal ixtisası üzrə 5-ci sinif şagirdi Ağakişiyeva Emiliya müəllimi Ofeliya Axundovanın müşayiəti ilə ifa etdi. Proqramın yeganə vokal nömrəsi öz lirik, geniş nəfəsli şərhi ilə tamaşaçılara zövqlü anlar yaşatdı.
Bir ifaçının ən böyük uğuru onun səhnə fəaliyyətidir. Burada müəllimin əvəzsiz rolu – illərlə, davamlı, həyəcanlı, sonsuz məşqlərə sövq etməsi, zəhməti danılmazdır. Bu yolda bütün müəllim və şagirdlərimizə uğurlar arzulayırıq.
Musiqişünas
Tutu Hüseynova