• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    24 iyun 2024-cü il

    24 iyun 2024-cü il tarixində Beynəlxalq Muğam Mərkəzində SABAH İncəsənət Festivalının açılış mərasimi keçirildi. 

    Mərkəzdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qrupları tələbələrinin ifasında müxtəlif rəqs nömrələri, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti SABAH qrupları tələbələrinin memarlıq layihələri (maketlər və elektron təqdimatlar), Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının SABAH qrupları tələbələrinin isə dizayn və dekorativ tətbiqi sənət nümunələrinin nümayişi müşayiət etmişdir. Bunlara əlavə olaraq, tədbir boyunca ADRA SABAH qrupları tələbələri tərəfindən bədii keramika, xalçaçılıq, toxuculuq, metal və rəngkarlıq üzrə ustad dərsləri keçirilmişdir. 

    Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müavini İdris İsayev bu cür tədbirlərin əhəmiyyətindən bəhs etmiş və tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

    Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova çıxış edərək tələbələrin əl işlərindən ibarət sərgini yüksək qiymətləndirmişdir. 

    Açılış mərasimində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının SABAH qrupu tələbələri Respublika və Beynəlxalq müsabiqələr laureatları  - Gülnar Nəcəfova, Nəzrin Muradlı, Telmina Bayramzadə, Fidan Quluzadə, Ləman Piriyeva, Ülviyyə Mustafazadə, Cavidan Rəsulov, İluzər İbrahimzadə, Şəkərxanım Cavadzadə, Namiq Səlimov, Fidan Yunus, Fidan Novruzova, Nərmin Hüseynli, Cavidan Şeydayev, Ayla Həsənova, Günel Hacıyeva, “Detaşe Sabah” ansamblı, “Sabah” qrupunun xoru (bədii rəhbər Dimitri Babayev) ifasında rəngarəng konsert proqramı dinləyicilərə təqdim olundu.

    İstedadlı gənclərin ifası tamaşaçıların böyük marağına səbəb olub, gurultulu alqışlarla qarşılandı. 

    Qeyd edək ki, artıq beş ildir keçirilən SABAH İncəsənət Festivalının əsas məqsədi SABAH qrupları layihəsinin incəsənət yönümlü baza ali təhsil müəssisələrinin (#BMA, #ADRA, #ADMİU, #AzMİU) tələbələrinin nailiyyətlərini əyani nümayiş etdirmək, ölkə gəncliyi arasında təhsilə və yaradıcılığa həvəsi artırmaq, ictimaiyyəti təhsilin nailiyyətləri ilə tanış etməkdir. 

    Tədbirdə BMA-nın professor-müəllim heyəti, digər ali təhsil müəssisələrinin rəhbərliyi, müəllim və tələbələr, dövlət və özəl qurumların nümayəndələri iştirak etmişlər.