15 iyun 2024-cü il
15 iyun 2024-cü il tarixində Beynəlxalq Muğam Mərkəzində Milli Qurtuluş gününə həsr olunmuş konsert keçirildi.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "İxtisas Fortepiano" kafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərgiz Salmanlının tələbələrinin konserti baş tutdu. Tələbələrlə bərabər Beynəlxalq Muğam Mərkəzinin səhnəsində tanınmış musiqi ifaçıları da öz çıxışları ilə konsertə rəngarənglik qatdılar.
Konsert proqramı zəngin repertuar ilə yadda qaldı. Belə ki, Klassik musiqi axşamında F.Şubert, S.Frank, A.Dvorjak, K.Debussi, S.Prokofyev, D.Şostakoviç, P.Çaykovski və E.İbrahimovanın əsərləri yer aldı.
Yadda qalan məqamlardan biri də odur ki, çex bəstəkarı A.Dvorjakın skripka və piano üçün Romans adlı əsəri və D.Şostakoviçin ( skripka, vilonçel və piano) Trio nömrə 1 əsəri ilk dəfə bizim ifaçılardan ibarət konsert proqramına daxil edilərək tədbirdə yer alımışdır.
İstedadlı ifaçılar Maya İsmayıllı (II kurs),
Kubra Həşimli (II kurs, Respublika və Beynəlxalq müsabiqələr laureatı), Nəzrin Məhərrəmli (III kurs), Gülnar Qədirova (III kurs, “Paris açıq musiqi” adlı ll Beynəlxalq vokal və instrumental müsabiqəsinin Qran Pri mükafatçısı),
Fidan Muxtarova (III kurs, Respublika və Beynəlxalq müsabiqələr laureatı),
Rasimə Abdullayeva (IV kurs, Respublika və Beynəlxalq müsabiqələr laureatı),
Məryəm Məmmədova-magistr I kurs, Respublika və Beynəlxalq müsabiqələr laureatı) və digər ifaçıların təqdimatında mürəkkəb, faktura baxımından çətin əsərlər səsləndirildi.
Konsertdə pianoçu-müəllim Nərgiz Salmanlı özü də tələbələri ilə bir səhnəni bölüşdü. Peşakar və tanınmış musiqiçilərin də iştirak etdiyi tədbir musiqisevərlər və tamaşaçılar tərəfindən böyük maraq və sevgi ilə qarşılandı.
Onu qeyd edək ki, konsert tədbiri həm də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən konsertlər silsiləsindəndir.