• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    30 may 2024-cü il

    BMA-nın İxtisas musiqi məktəb-studiyasının şagirdlərinın Gülarə Əliyeva adına 3 №-li Uşaq İncəsənət Məktəbində konserti

     

    Hər il müntəzəm olaraq müxtəlif yönümlü layihələrlə çıxış edən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İxtisas musiqi məktəb-studiyası 30 may 2024-cü il tarixində Respublikamızın milli bayramı – Müstəqillik Günü münasibəti ilə Suraxanı rayon Gülarə Əliyeva adına 3 №-li Uşaq İncəsənət Məktəbində konsert proqramı ilə çıxış etdi.

    Uşaqlarımızın gələcək musiqi təhsilinin inkişafı və məktəblərarası qarşılıqlı fikir mübadiləsi məqsədi ilə keçirilən bu tədbirimiz olduqca böyük əhəmiyyət kəsb edir.

    Bayram əhval-ruhiyyəli tədbir Müstəqillik Gününün sevincini tamaşaçılara ötürərək tarixi hadisələrin xatırlanmasına da səbəb olmuşdur.

    Azərbaycan xalqı öz müstəqilliyi uğrunda fədakarcasına mübarizə apararaq, milli və mənəvi dəyərlərini zəmanəmizə kimi qoruyub saxlamışdır. Respublikamızın unudulmaz dahi şəxsiyyətləri Məhəmməd Əmin Rəsulzadə, Ulu Öndər Heydər Əliyev və hal-hazırda ölkə rəhbərimiz – Baş Komandan İlham Əliyev müstəqilliyimizin əbədi olaraq var olmasında qarşılarına çıxan bütün daxili və xarici maneələri dəf edərək müqəddəs amallarına çatmışdılar. Son illərdə şəhidlərimizin qanı bahasına torpaqlarımızın geri qaytarılması müstəqilliyimizi, azad ruhumuzu, dilimizi, dinimizi, qədim tarixə malik mədəniyyətimizi daha da möhkəmləndirmiş və gələcəkdə gerçəkləşəcək uğurlarımıza yol açmışdır.

    Məktəb-studiya tərəfindən təqdim olunan konserti açaraq həmin müəssisənin böyük elmi işçisi, musiqişünas Şəfəq Hacıyeva tədbirə təşrif buyurmuş hər kəsi salamlayaraq, milli bayram münasibəti ilə təbrik etdi. Öz çıxışında Müstəqillik Gününün əhəmiyyəti və tarixi haqqında fikir bildirərək, aparıcı Azərbaycan xalqına daim azad, xoş və firavan həyat yaşamalarını arzuladı.

    Rəngarəng musiqi proqramına fortepiano, simli alətlər, vokal və zərb alətlərinə aid əsərlər daxil edilmişdir. İlk olaraq, BMA-nın dosenti və İxtisas musiqi məktəb-studiyasının müəllimi, Əməkdar müəllim Mədinə Tuayevanın sinfində təhsil alan Respublika və Beynəlxalq müsabiqələr laureatı, 3-cü sinif şagirdi Məryəm Axundovanın ifasında iki əsər – Henri Hertsin 11 №-li Do major etüdü və Yozef Haydnın 3 №-li Fa major sonatasının I hissəsi səsləndi. Həmin əsərlərdə şagird Avropa musiqi intonasiyalarını obraz-emosional xüsusiyyətləri baxımından düzgün şəkildə dinləyicilərə çatdırmışdır.

    Məktəb-studiyanın yüksəkixtisaslı müəllimləri arasında Azərbaycanın Əməkdar müəllimi Nərgiz Mansurovanın fortepiano sinfində oxuyan beş şagirdi konsert proqramına öz töhfələrini qatmışdılar. Belə ki, Beynəlxalq müsabiqələr laureatı Araş Seyfpur Azərbaycan bəstəkar yaradıcılığına müraciət edərək Qara Qarayevin “Orta çətinlikdə altı uşaq pyesi” silsiləsindən “Unudulmuş vals” əsərini və ardından Y.Haydnın 1 №-li Si-bemol major sonatasını özünəməxsus şəkildə ifa etmişdir. Sinfin digər şagirdi – Respublika və Beynəlxalq müsabiqələr laureatı Hüseyn Quliyev Lüdviq van Bethovenin 5 №-li sonatasının (op. 10) I hissəsini və Q.Qarayevin lya minor sonatinasının I hissəsini böyük məharətlə dinləyicilərin diqqətinə çatdırmışdır. Nərgiz Mansurovanın şagirdlərindən – Beynəlxalq müsabiqələr laureatı Gülər Mahmudzadə barokko dövrünə aid – İohann Sebastyan Baxın Fa-diyez major Prelüd və fuqasını (“YTK”, I cild), həmçinin Q.Qarayevin “24 prelüd” silsiləsindən iki prelüdü ifa etmişdir. Həmin sinfə aid bu tədris ilinin məzunları – Respublika və Beynəlxalq müsabiqələr laureatları Solmaz Əliyeva (Frederik Şopen – Etüd do-diyez minor, Q.Qarayev – Üçsəsli fuqa) və Şəhla Yusibova (Ferens List – Etüd Re-bemol major, Q.Qarayev – 7 və 8 №-li prelüdlər) müəllimləri Nərgiz Mansurovadan mənimsədikləri ifaçılıq xüsusiyyətlərini layiqli şəkildə sərgiləyə bilmişdilər.

    Tədbirin rəgarəngliyini artıran digər musiqili nömrə zərb alətləri ansamblına aid idi. Məktəb-studiyanın müəllimi Firuz Hüseynovun şagirdləri – Beynəlxalq müsabiqələr laureatları Miraqil Mirzəzadə (zərb alətləri qurğusu), Məhəmmədəli İbrahimov (ksilofon) və Rüfət Məmmədov (ksilofon) Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun “Gözün aydın” musiqili komediyasından Rəqsi ifa etdilər. Onların çıxışı ruh yüksəkliyi ilə seçilmiş və tamaşaçı tərəfindən böyük maraqla qarşılanmışdır. Zərb alətlərinin fortepiano müşayiəti məktəb-studiyanın məzunu və müəllimi, Beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənliyə aid idi.

    Son musiqili nömrə məktəb-studiyanın müəllimi Ofeliya Axundovanın vokal sinfində təhsil alan şagirdi – Beynəlxalq müsabiqələr laureatı Etibar Əsgərzadənin ifasında səslənmişdir. Onun ifa etdiyi iki əsər – Rodolfo Falvonun “Dicitençello vuie” və F.Əmirovun “Baharımsan” vokal nümunələri (konsertmeyster – Fəqan Həsənli) tamaşaçıların gur alqışına səbəb oldu.

    BMA-nın İxtisas musiqi məktəb-studiyasının dövlətimizin suverenliyinə həsr olunmuş bayram konserti uğurla başa çatmışdır.

    Azərbaycanın görkəmli musiqi xadimi, mərhum professor Tərlan Seyidovun yaratdığı və 40 ildən artıq rəhbərlik etdiyi İxtisas musiqi məktəb-studiyasının hal-hazırkı direktoru dosent Sevda Məmmədova və həmin müəssisənin yüksək ixtisaslı kollektivinin prinsipial fəaliyyəti, əzmkarlığı sayəsində bütün ənənələr qorunub saxlanılır, eyni zamanda yeni layihələr üzərində iş aparılır.

     

    BMA-nın İxtisas musiqi məktəb-studiyasının

     elmi-metodiki işlər üzrə direktor müavini,

     musiqişünas Aytən Baxşıyeva