• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    27 may 2024-cü il

    1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 106 il ötür.

    Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti Türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. 

    Azərbaycan 3 ildən artıqdır ki, 28 May Müstəqillik Gününü qalib xalq kimi qarşılayır. Qalib ölkə olaraq, 28 may Müstəqillik günü ölkəmizdə müxtəlif tədbirlərin, konsertlərin keçirilməsi ilə yaddaşlara həkk olunur.

    28 may Müstəqillik günü  27 may 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına  Bakı Musiqi Akademiyasında Gənclər Fondu, BMA-nın dəstəyi, ARGTİ və BMA-nın Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Müstəqilliyimiz əbədidir” həftəsi çərçivəsində “SƏS” ədəbi bədii tədbiri keçirildi.

    Tədbirdə öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. 

    Sonra Vətən uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükut ilə yad edildi.

    Tədbirə başlamadan öncə  Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova Müstəqillik günü münasibətilə hər kəsi təbrik edərək, konsertin təşkilatçılarına təşəkkürünü bildirdi.

    Daha sonra söz Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Baş katibi Rəşad Zeynalova verildi. 

    R.Zeynalov da öz növbəsində bayram münasibətilə qonaqları təbrik edib, tədbirin keçirilməsinə dəstək olan  Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyliyə, həmçinin bütün iştirakçılara dərin minnətdarlığını bildirdi.  

    Qeyd edək ki, Konsertdə respublika və beynəlxalq müsabiqələri laureatları Elvin Əliyev (Müşayiət edir: İlahə İsmayılova), Namiq Səlimov (Müşayiət edir: Fidan Yunus),  Mədəniyyət sahəsi üzrə “İlin ən uğurlu gənci” pianoçu Vüsal Aydəmirov və tarzən İbrahim Babayev, Humay Hacızadə, Murad Pənah (Müşayiət edir:Nəzrin Qulamova), Fidan Yunus, Hidayət Sadıqbəyli (fortepiano), Kamil Hüseynzadə (zərb aləti), Rəvan Əhmədzadə (Kontrabas), Lalə Zeynalova və “Sabah” qrupunun xoru (Bədii rəhbər və dirijor, baş müəllim Dimitri Babayev) parlaq ifaları ilə dinləyicilərin zövqünü oxşadılar. 

    Rəngarəng konsert proqramında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirildi. 

     Bayram ab-havalı konsert tədbiri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanaraq, gurultulu alqışlarla başa çatdı.