10 may 2024-cü il
İxtisas musiqi məktəb-studiyasının şagirdlərinin Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konserti
Azərbaycan xalqının suverenlik əldə etməsi, dünya siyasi və mədəni arenasına layiqli şəkildə çıxması istiqamətində həlledici əməyi olmuş Ümummilli Lider Heydər Əliyevin hər il 10 may tarixində təntənəli şəkildə doğum günü qeyd olunur.
Bu tarix hər bir Azərbaycanlı tərəfindən əlamətdar gün kimi qarşılanır və bütün dövlət qurumları tərəfindən müxtəlifyönlü tədbirlər hazırlanır. Onların arasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İxtisas musiqi məktəb-studiyası da təşəbbüs göstərərək bu önəmli tarix üçün öz töhfəsini təqdim etmişdir. Belə ki, 10 may 2024-cü il tarixində BMA-nın Böyük zalında dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş məktəb-studiyanın bu ilki məzunlarının konserti baş tutmuşdur.
Azərbaycanın görkəmli musiqi xadimi professor Tərlan Seyidovun yaratdığı və artıq 40 ildən çoxdur ki, fəaliyyət göstərən BMA-nın İxtisas musiqi məktəb-studiyası hər il müntəzəm olaraq Ulu öndərin xatirəsinə həsr olunmuş tədbirlərlə çıxış edir. Hal-hazırda da bu ənənə İxtisas musiqi məktəb-studiyasının direktoru, dosent Sevda Məmmədovanın rəhbərliyi ilə uğurla davam etdirilir.
Mötəbər tədbir, ilk olaraq, BMA-nın İxtisas musiqi məktəb-studiyasının elmi-metodiki işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Baxşıyevanın Ümummilli Lider haqqında söylədiyi yüksək fikirlərlə açıq elan olundu. Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti ilə yanaşı onun mədəniyyət sferasına böyük qayğı və diqqəti, habelə, xalqına misilsiz xidmətlərindən söz açıldı.
Dahi şəxsiyyətin həyat kredosu, onun yaddaşımıza həkk olunmuş kəlamı – “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır” sözləri ilə səciyyələnir.
Xüsusi cəhətləri ilə ətrafında olan hər kəsi heyrətləndirən, ələlxüsus da fenomenal yaddaşa malik Heydər Əliyev istər siyasət, istərsə də mədəniyyət sahəsində olduqca böyük biliyə sahib idi. Onun ümdə məqsədlərindən biri xalqının maariflənməsi və sürətli inkişaf etməsi olmuşdur ki, böyük mütəfəkkir bu istiqamətdə olduqca əhəmiyyətli addımlar atmışdır.
Gənc nəslin nümayəndələrinə daim diqqət və qayğı göstərilməsi Heydər Əliyevin fəaliyyətinin ayrılmaz şərtlərindən idi. Təsadüfi deyil ki, bu isti münasibəti özlərinə qarşı hiss edən gənclər də Ulu öndərə daim böyük rəğbət və sevgi bəsləyiblər.
Ümummilli Liderin anadan olmasının 101 illiyinə həsr olunmuş konsert proqramı dünya və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət idi. Məktəb-studiyanın şagirdləri tərəfindən təqdim olunan əsərlər İxtisas musiqi məktəb-studiyasının yüksəkixtisaslı müəllimləri – Əməkdar müəllim Nərgiz Mansurova və Ofeliya Axundovanın düzgün istiqamətləndirilməsi ilə ərsəyə gəlmişdir.
Tədbirin musiqili hissəsi ilk olaraq, fortepiano sinfi üzrə təhsil alan 11-ci sinif şagirdi Beynəlxalq müsabiqələr laureatı Solmaz Əliyevanın (Nərgiz Mansurovanın sinfi) çıxışı ilə başladı. Onun ifasında xarakter baxımından bir-birindən fərqli musiqi nömrələri səsləndi. İfa olunan əsərlər arasında müxtəlif dövr bəstəkarlarına – barokko, klassisizm və romantizm cərəyanlarına müraciət olunmuşdur. Ciddi üslubu ilə seçilən İ.S.Baxın gis moll prelüd və fuqası (“YTK”, I cild), cəld və dəqiq ritmli L.V.Bethovenin c moll sonatası, F.Şopenin texniki və xarakter baxımından olduqca səlis ifa tələb edən 4 №-li Etüdü və görkəmli Azərbaycan bəstəkarı Q.Qarayevin dodekafon üslublu üçsəsli fuqası istedadlı şagird tərəfindən ard-arda yüksək səviyyədə tamaşaçılara təqdim olundu.
Fortepiano musiqisindən sonra vokal əsərlərə yer verildi. Belə ki, 7-ci sinif şagirdi, Beynəlxalq müsabiqələr laureatı Etibar Əsgərzadə (müəllim – Ofeliya Axundova, konsertmeysterlər – Beynəlxalq müsabiqələr laureatları, Məktəb-studiyanın məzunu və müəllimi Fəqan Həsənli və təcrübəçi-tələbə Əsmər Alxazova) çıxış edərək, parlaq ifa sərgilədi. Onun ifasında dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Əsgərin ariyası, ardından italyan bəstəkarı Ernesto de Kurtisin “Torna e Sorriento” əsəri və Asəf Zeynallının romans janrında yazdığı klassik “Ölkəm” əsərini dinləyicilərə təqdim etdi. İfaçının özünəməxsus ifa tərzi hər bir əsərə ayrı-ayrılıqda rəng qatırdı.
Digər çıxış Nərgiz Mansurovanın yetirməsi – 11-ci sinif şagirdi, Beynəlxalq müsabiqələr laureatı Şəhla Yusibovaya aid idi. Maraqlı ifa yanaşması ilə fərqlənən şagird İ.S.Baxın c-moll prelüd və fuqası (“YTK”, II cild), L.Bethovenin 2 №-li F-dur sonatası, romantizm xüsusiyyətlərini özündə əks etdirən F.Listin Des-dur etüdü və Q.Qarayevin “24 prelüd” fortepiano silsiləsindən 7 və 8 №-li prelüdlərini tamaşaçıların diqqətinə çatdırdı. Mürəkkəbliyi ilə seçilən hər bir əsər dinləyicilərin marağına səbəb oldu.
Konsertin son iki musiqili nömrəsi Ofeliya Axundovanın şagirdi Etibar Əsgərzadə tərəfindən ifa olundu. Bu dəfə o, neapolitan musiqisinə aid R.Falvonun “Dicitençello vuie” mahnısını ifa edərək, auditoriyanın zövqünü oxşadı. Tədbirin sonuncu əsəri Azərbaycan musiqi xəzinəsinə yeni nəfəs gətirən görkəmli bəstəkarımız Fikrət Əmirovun yaradıcılığına məxsus “Baharımsan” mahnısı şagirdin ifasında olduqca xoş təəssürat bağışladı. Etibar Əsgərzadənin məlahətli səs tembri, düzgün ifa texnikası və səhnə mədəniyyəti dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılandı.
Uğurla təqdim olunan konsert proqramı dahi şəxsiyyət Heydər Əliyevin gənclərə olan inamını, onların Azərbaycan mədəniyyəti və incəsənətini daim yaşadacaqlarını bir daha təsdiq etmişdir.
Şəfəq Hacıyeva
İxtisas musiqi məktəb-studiyasının
böyük elmi işçisi, musiqişünas