6 may 2024-cü il
6 may 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş təntənəli konsert keçirildi.
Qeyd edək ki, konsert Nəsimi rayon İcra Hakimiyyətinin və BMA-nın birgə təşkilatçılığı ilə təşkil olunmuşdur.
Konsert Bakı Kamera Orkestrinin müşayiətilə (bədii rəhbəri SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəyli, direktoru Azərbaycan Respublikasının Xalq artisti, professor Yeganə Axundova, baş dirijoru isə Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimov) Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı (solist: BMA-nın məzunu, Beynəlxalq müsabiqələr laureatı Nigar Məmmədova).
Tədbiri giriş nitqi ilə açan Azərbaycan və SSRİ-nin Xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplərinin Heydər Əliyev tərəfindən yaradıldığını qeyd etdi. O, həmçinin dahi şəxsiyyətlə birgə qastrol səfərlərindən olan xatirələrini bölüşərək, H.Əliyevin Azərbaycan mədəniyyətinə, incəsənət xadimlərinə göstərdiyi dərin diqqət və qayğıdan söz açdı.
Sonra çıxış üçün söz Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərova verildi. O, çıxışında Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin bütün dövrlərində respublikamızın qüdrətinin, xalqımızın isə rifahının artmasına xidmət edən tarixi işlər gördüyünü, mühüm nailiyyətlərə imza atdığını bildirdi. Azərbaycanın xilası və dirçəlişi məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun sözlərinə görə, müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan Ulu öndər Heydər Əliyev ümumbəşəri şəxsiyyətdir.
Sonra bədii hissəyə keçid edildi.
Konsert proqramında Əməkdar artist, dirijor Fuad İbrahimovun rəhbərliyi altında Bakı Kamera Orkestrinin müşayiətilə Ü.Hacıbəylinin “Arazbarı”, Q.Qarayevin “Yeddi gözəl” baletindən Aişənin rəqsi və “İldırımlı yollarla” baletindən Ehtiraslı qızların rəqsi, C.Cahangirovun “Alagöz” (solist: Respublika müsabiqələr laureatı Orxan Cəlilov, A.Məlikovun “İki qəlbin dastanı” baletindən Komdenin arzuları (solist: Beynəlxalq müsabiqələr laureatı Nəzrin Aslanlı), F.Əmirovun “Min bir gecə” baletindən Şəhrizadın bayramı, M.Maqomayevin “Azərbaycan” (solist: Beynəlxalq müsabiqələr laureatı Mahir Tağızadə), Azərbaycan Xalq mahnıları (orkestr üçün işləyəni Ceyhun Allahverdiyev) - “Dağların başı” (solist: Əməkdar artist Səbuhi İsayev) və “Əlimi bıçaq kəsibdi” (solist: Azərbaycan Respublikasının Xalq artisti Nəzakət Teymurova; müşayiət edirlər: Əməkdar artist Əliağa Sədiyev, Xalq artisti Elşən Mansurov, Əməkdar artist Kamran Kərimov, Şirzad Fətəliyev (balaban),
“Qarabağ şikəstəsi” ritmik muğamı (orkestr üçün işləyəni Ceyhun Allahverdiyev) (solistlər: Xalq artisti Nəzakət Teymurova və Əməkdar artist Səbuhi İsayev; müşayiət edirlər: Əməkdar artist Əliağa Sədiyev, Xalq artisti Elşən Mansurov, Əməkdar artist Kamran Kərimov)
Bayram ab-havalı konsert tədbiri tamaşaçıların gurultulu alqış sədaları altında başa çatdı.