25 aprel 2024-cü il
Dünya klassik poeziyasının dahiləri sırasında yer alan görkəmli şair, dramaturq Aleksandr Puşkin yaradıcılığı öz dərin məzmunu, hisslər axınının emosional coşğunluğu, nəcib lirikası ilə hər zaman bəstəkarların musiqi ilhamlarının mənbəyi olub. Sevgi, həsrət, istirab, nakam məhəbbət və daha nə qədər duyğuları özündə cəmləşdirən bu yaradıcılıq yolu əsrarəngiz, ecazkar əsərləri dünya musiqi mədəniyyətinə bəxş edib.
Məhz bu musiqi dünyasının əlvan çalarları 25 aprel tarixində Beynəlxalq Muğam Mərkəzinin səhnəsində tanınmış ifaçılar - pianoçu, Bakı Musiqi Akademiyasının baş müəllimi Yuliya Kərimovanın rəhbərliyi ilə ərsəyə gələn “Sərhədsiz Puşkin” adlı musiqi layihəsində Azərbaycan Respublikasının Əməkdar artistləri Fəridə Məmmədova, İlham Nəzərov və rusiyalı bariton Aleksandr Suxanovun ifaları ilə öz ahənginə qovuşdu. Yüksək zövqlə seçilmiş repertuar, əsərlərin bədii ideya məzmununun bir-biri ilə çuğlaşması, musiqi özülünün məzmunlu uyumu, emosional gərginliyin düzgün tənzimlənməsi, obrazlar aləminin yüksələn xətlə inkişafı dinləyiciləri daim tonusda saxlamağa müvəffəq oldu.
Səhnənin konsert boyu poeziya aləminə qərq olması, gözəl nitq qabiliyyətinə malik deklamatorlar Arina Mirsayapova və Yelena Paksivatovanın ifaları ilə müşayiət edilməsi gecəyə xüsusi bir sehrli abu-hava qatmış oldu.
Musiqi poeziyanın əlvan çalarlarına qərq olaraq yeni bir özünəməxsusluq qazandı. Təbii ki, bu ahəngin əsas rəngləri fortepianonun üzərinə düşdü. Artıq dəfələrlə fərqli və orijnal konsertlərlə tamaşaçılara musiqi dolu unudulmaz anlar bəxş edən Yuliya Kərimova bu dəfə də böyük ustalıq göstərərək konsertmeyster kimi solistlərin ilham mənbəyinə çevrilməyi bacardı. Onun konsert boyu müşayiət elementləri bu fikrin davamıdır desək, heç də yanılmarıq. Konsertin ilk musiqi parçaları arasında yer alan M.Qlinkanın, A.Darqomıjskinin, A.Borodinin romansları dərin məzmunu, fəlsəfi fikir dolğunluğu ilə A.Suxanovun ifasında üfiqi düşüncə tərzinə malik arasıkəsilməz frazaları, maraqlı təfsir elementləri ilə böyük həssaslıqla dinlənildi. Fortepiano partiyasının özünəməxsus sadəliyi bu əsərlərdə tamam başqa bir libas almışdı. Bu səslənmə məzmunlu, hislər axınının bir vadisinə bənzəyirdi. Dramaturji xətt öz başlanğıcını məhz bu əsərdən götürərək konsertin ən son nömrəsində - F. Məmmədova ilə A.Suxanovun ifalarında P.İ.Çaykovskinin “Yevgeni Onegin” operasından yekun səhnəsində kulminasiyasına qovuşdu.
Konsertin quruluş ideyası son dərəcə orijinal təsir bağışlayırdı. Xüsusilə A.Puşkinin “Oxuma gözəl” şeirinin R.Korsakov və S.Raxmaninovun eyni adlı romansları ilə təqdimatı bu əsərlərin fərqli özəlliklərini bir daha nümayiş etdirmiş oldu. Əgər Fəridə Məmmədova R.Korsakov ruhunu əsərin nəcib elementləri ilə yüksək səviyyədə çatdırmış oldusa, S.Raxmaninov dühası Aleksandr Suxanovun fəlsəfi təfsirinə qovuşmuşdu. Bu fikirlər “Aleko” operasından Alekonun kavatinasında xüsusi bir vüsət almış oldu. A.Suxanov ciddi və dramatik obrazı ilə əsərin emosional coşğunluğunu bütün məziyyətləri ilə çatdırmağa müvəffəq oldu.
Kontratenor İlham Nəzərovun ifasında həm A.Qlazunovun “Şərq romansı”, “Vəsf mahnısı” və həm də M.Balakirevin “Gürcü mahnısı” konsertə xüsusi bir özünəməxsusluq qatdı. Təsirli ifa elementləri ilə zəngin romanslar insanda ən nəcib duyğuların baş qaldırmasına səbəb oldu. Bu musiqi xətti öz təsir qüvvəsini A.Hüseynzadənin “Bülbül”, Q.Qarayevin “Mən sizi sevirdim” və İ.Hacıbəyovun “Qanımda istək alovlanır” romanslarında daha da rövnəqləndi. İ.Nəzərov M.Qlinkanın “Ruslan və Lyudmila” operasından Ratmirin ariyasının ifası zamanı isə romantik bir təfsiri ilə xüsusilə diqqəti cəlb etdi. Ümumiyyətlə, hər üç solist öz müxtəlif səs tembrləri, yaratdıqları obrazların müxtəlifliyi ilə diqqət çəkməklə bahəm, peşəkarlıqları ilə ortaq məxrəcdə birləşirdi.
Fəridə Məmmədova ilə dəfələrlə tələbələrimin ifasında fərqli obrazlar, opera-tamaşalarından böyük səhnələr, vokal silsilələri üzərində işlər aparmışıq. Onun işinin yüksək peşəkarı olması, bəstəkarın ruhunu ustalıqla hiss etmə qabiliyyəti, xarici dil bacarıqlarının mükəmməlliyi və daha bir çox keyfiyyətlərini vurğulamaq mümkündür. Bu dəfə Fəridə Məmmədovanın ifasında bir konsert gecəsində kamera-vokal janrından opera janrına doğru gedən yolu yüksələn xətlə izləmiş olduq. S.Raxmaninovun “Aleko” operasından çılğın Zemfiranın “Beşik yanındakı səhnə”si artistizm, obraz alovu ilə diqqəti cəlb etdisə, Tatyananın “Yevgeni Onegin” operasının yekun səhnəsindəki sevgi dolu obrazı vokal ustalığının böyük təsir qüvvəsinin ahəngləşmiş sehrində yaddaşlara həkk oldu.
Bu yüksələn gərginlik və musiqi cərəyanın alovunda Yuliya Kərimovanın öhdəsinə böyük yük düşürdü. Arasıkəsilməz həyəcan, eyni zamanda gərgin ritm-intonasiyalar, texniki mürəkkəb ifaçılıq fəndləri ilə bahəm, pianoçunun zərif tuşesinin, səslənmə çalarlarının zənginliyinin, həssas pedalizasiyasının şahidi olduq. Yaradıcı ruh səhnəni öz alovuna qərq etdi və bu konsert böyük, xoş təəssüratlarla tamaşaçılara A.Puşkin ruhunun musiqidəki tərənnümünü böyük zövqlə bir daha çatdırmış oldu.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru,