26 aprel 2024-cü il
26 aprel 2024-cü il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin keçirdiyi “Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert keçirildi.
Qeyd edək ki, “Yeni adlar” layihəsinin koordinatoru Azərbaycan Respublikasının Xalq artisti, tanınmış pianoçu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundovadır.
Dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbyacan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimov) müşayiəti ilə solistlər - Respublika və beynəlxalq müsabiqələr laureatları, Bakı Musiqi Akademiyasının məzunları Nərminə İsmayılova (piano), Rüstəm Zeynalov (piano), Zərrin Əliyeva (violin), BMA-nın IV kurs tələbəsi Humay Hacızadə (viola, Mədəniyyət və İncəsənət Universitetinin məzunu Aynur Abdullayeva (violin) öz ifalarını dinləyicilərə təqdim etdilər.
Konsertdə C.Saint-Saens “Le Carnaval des animaux” süitası, M.Bruch viola və orkestr üçün “Romans” F-dur (op.85), M.Ravel “Qaraçı qızı” rapsodiyası və S.Raxmaninov Paqanini mövzusuna rapsodiya, a-moll (op.43) əsərləri səsləndirildi.
Məlumat üçün nəzərinizə çatdıraq ki, “Yeni adlar” müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə xidmət edən layihədir.
Təntənəli konsert gecəsi tamaşaçıların gurultulu alqış sədaları altında başa çatdı.