18 aprel 2024-cü il
18 aprel 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, tanınmış dirijor Azad Əliyevin xatirəsinə həsr olunmuş təntənəli konsert keçirildi.
Konsertə başlamadan öncə musiqişünas Raya Abbasova Azad Əliyevi istedadlı musiqi xadimi kimi xatırlayıb, onun zəngin yaradıcılığından danışıb, musiqi mədəniyyətimizdəki böyük rolunu vurğuladı.
Sonra konsertdə SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, dirijor Ramiz Məlik Aslanın rəhbərliyi altında Ü.Hacıbəyli adına BMA-nın tələbə simfonik orkestrinin müşayiətilə Zemfira Əliyeva (piano), Əyyub Əliyev (violonçel), Elina Əliyeva (violin), Rəfiqə Quluzadə (piano) parlaq ifaları ilə çıxış etdilər.
İstedadlı musiqiçilərin ifasında İ.S.Bax, V.A.Mosart, R.Şuman, J.Sibelius, P.Mascagni-E.Köhler, J.Massenet, A.Piazzolla, V.Azaraşvili kimi bəstəkarların əsərləri dinləyicilərə təqdim olundu.
Azad Əliyevin əziz xatirəsinə həsr olunmuş konsert tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılandı.