• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    14 fevral 2024-cü il

    14 fevral 2024-cü il tarixində Milli İncəsənət Muzeyində Baku Chamber Orchestranın konserti keçirildi.

    Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi altında, Baku Chamber Orchestranın (bədii rəhbəri SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəyli, direktoru Azərbaycan Respublikasının Xalq artisti, professor Yeganə Axundova, baş dirijoru isə Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimov) müşayiətilə, solist Beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadənin ifasında baş tutan konsert musiqisevənlərin könlünü oxşayaraq, ruhuna xitab etdi.

    Tədbirdə İ.S.Baxın “Çakona”, fortepiano və orkestr üçün konsertlər (N.1 BWV 1052 d moll, N.3 BWV 1054 D dur, N.5 BWV 1056 f moll, N.7 BWV 1058 g moll) əsərləri dinləyicilərə təqdim olundu.

    Konsert gecəsi tamaşaçıların gurultulu alqış sədaları altında başa çatdı.