21 dekabr 2023-cü il
Artıq son həftəsini yaşadığımız 2023-cü il Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyası üçün əlamətdar tədbirlərlə yadda qalmaqda davam edir.
Belə ki, cəmi 1 ay öncə keçirilmiş və vətənimizin bir sıra guşələrində səs salmış “Akademik, xalq və caz musiqisi” İkinci Respublika müsabiqəsi bu qəbildən diqqətəlayiq oldu. Müsabiqə Əməkdar incəsənət xadimi, məktəb-studiyanın yaradıcısı, professor Tərlan Seyidovun müəllif layihəsi əsasında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilmişdir.
21 dekabr 2023-cü ildə isə məktəb-studiyanın direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevda Məmmədovanın təşəbbüsü ilə müsabiqənin respublikamızın müxtəlif şəhər və rayon musiqi təhsil müəssisələrindən olan laureatlarının birgə konserti baş tutdu. 20-dək laureatın çıxış etdiyi Yeni ilə həsr olunmuş tədbir xüsusi marağa səbəb oldu. Akademik, xalq və caz musiqisi janrlarında əsərlər təqdim olundu. Hər bir ifa özünəməxsusluğu və rəngarəngliyi ilə seçilirdi. Belə ki, laureatlar müsabiqədə göstərdikləri bacarıqlarını konsertdə də yüksək səviyyədə ortaya qoymaqla bir daha qazandıqları mükafatların layiqli olmasını sübut etdilər.
“Fortepiano” nominasiyası üzrə çıxış edən Qubadlı rayonu, Mahmudlu kənd Fəxrəddin Hüseynov adına Uşaq Musiqi Məktəbinin şagirdi Aylin Talıbova konsertdə (müəllim – İradə Abdullayeva) görkəmli Avstriya bəstəkarı Y.Haydnın Re major sonatinasının birinci hissəsini məharətlə ifa etdi. Qeyd edək ki, işğaldan azad olunmuş torpaqlarımızın istedadlı sakini kimi balaca Aylin hələ müsabiqənin finalı zamanından F.Bədəlbəylinin də xüsusi diqqətinə səbəb olmuşdu.
Görkəmli rus bəstəkarı S.Raxmaninovun “İtalyan polkası” 34 №-li Uşaq Musiqi Məktəbinin şagirdi, Şəhid polkovnik-leytenant Babək Ramaldanovun övladı Süleyman Ramaldanovun (müəllim – Afət Məmmədova) ifasında dinləyicilərə təqdim olundu. Vurğulamaq gərəkdir ki, B.Ramaldanov Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq igidlik və şücaət nümayiş etdirmiş və qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalmışdır.
Konsertin digər parlaq nömrəsi bu il 80 illik yubileyi qeyd olunacaq Azərbaycanın görkəmli bəstəkarı Fərəc Qarayevin “Cənab Bi-Layn – ekssentrik” kimi mürəkkəb əsərinin təqdimi idi. Caz üslubunda əsər Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdi Fərid Zeynalov (müəllim – Sevda Ağayeva) tərəfindən dinləyicilərin diqqətinə çatdırıldı.
Tədbirdə Ü.Hacıbəyli adına BMA-nın Orta ixtisas musiqi məktəb-studiyası şagirdi Hüseyn Quliyev (müəllim – Nərgiz Mansurova) Fazıl Sayın “Jazz Fantasy on Mozart” əsəri ilə tamaşaçıları heyran etdi. Virtuoz mürəkkəbliklə seçilən bu əsərin texniki tərəfləri ifaçı tərəfindən uğurla sərgiləndi.
Konsert proqramı Tofiq Quliyev adına 12 №-li Onbirillik Musiqi Məktəbinin şagirdi Ərtoğrul Balayevin (müəllim – Yelena Xalilulina) təqdimində N.Kapustinın “Tokkatina”sı ilə başa çatdı.
Yeni il ovqatlı birgə konsertin sonunda bütün iştirakçılar xatirə fotoşəkillər çəkdirdilər.