• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    27 dekabr 2023-cü il

    Fərhad Bədəlbəylinin ad gününə Məktəb-studiyanın yaradıcı təbriki

     

    27 dekabr 2023-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Böyük zalında Dünya şöhrətli pianoçu, SSRİ və Azərbaycanın Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin doğum günü təntənəli şəkildə qeyd olundu. 

    Ardınca cənab rektoru BMA-nın “Nəfəs və zərb alətləri” kafedrasının tələbə orkestri (bədii rəhbər Əməkdar İncəsənət xadimi, dosent Rüfət Axundzadə, dirijor “Nəfəs və zərb alətləri” kafedrasının müəllimi Taleh Qəmbərov) və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin Estrada heyəti (solist Əməkdar artist Aynur İsgəndərli) parlaq ifaları ilə təbrik etdilər.

    Sonra tədbir Böyük zalda BMA-nın Orta ixtisas musiqi Məktəb-studiyası tərəfindən davam etdirildi.

    Təbiətin əsrarəngiz dörd anı: yaz, yay, payız, qış

    Təbiət, insan və musiqi səsləri – bu üç amil Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında maraqlı vəhdət təşkil edərək bir günü möcüzəvi şəkildə gözəlləşdirmişdir. Həmin gün – 27 dekabr 2023 il – Azərbaycanın Xalq artisti, dünya şöhrətli pianoçu, dəyərli rektorumuz, professor Fərhad Bədəlbəylinin doğum günü idi. Təqdim olunan tədbir məhz Fərhad Bədəlbəylinin müəllif şeirləri əsasında təşkil olunmuşdur.

    “İlin fəsilləri” adlanan maarifləndirici konsert-tamaşa görkəmli musiqi xadimi, Azərbaycan mədəniyyəti və təhsilinin inkişafı naminə saysız-hesabsız işlər görmüş professor Tərlan Seyidovun müəllif layihəsi əsasında BMA-nın Orta ixtisas musiqi Məktəb-studiyası tərəfindən keçirilmişdir.

    İki böyük şəxsiyyət – Fərhad Bədəlbəyli və Tərlan Seyidovun şəxsi və professional müstəvidə uzun illər sürən dostluğu bir çox layihələrin həyata keçirilməsində rol oynamışdır. Tərlan müəllim hələ sağlığında “İlin fəsilləri” konsert-tamaşanın Fərhad Bədəlbəylinin doğum günü üçün bir yaradıcı sovqat kimi təqdim olunmasını arzu edirdi. Təəssüf ki, müəllif mötəbər tədbirin hazırlanmasına və təqdim olunmasına şahidlik edə bilmədi. Lakin bu layihə Tərlan Seyidovun tələbəsi və 30 ildən artıq çiyin-çiyinə çalışmış, hal-hazırda isə Məktəb-studiyanın direktoru Sevda Məmmədovanın və həmin müəssisənin kollektivi tərəfindən layiqli şəkildə reallaşdırılmışdır.

    Tamaşanın quruluşçu rejissoru, professor Tərlan Seyidov sinfinin məzunu Nigar Həsənzadənin incə zövqü və qarşıya qoyulmuş məqsədə özünəməxsus yanaşması sayəsində mükəmməl iş ərsəyə gəlmişdir. Bir-birini əvəz edən kiçik səhnələr təbiətin 4 fəslini özündə əks etdirirdi.

    Konsert-tamaşa ilk olaraq aparıcı Nigar Həsənzadənin canlı təbiətin insan həyatına təsiri haqqında, bu iki amilin qarşılıqlı həmahəngliyindən bəhs edən monoloqu ilə başladı. Nigar xanım: “Bu tədbir Tərlan Seyidovun öz dostuna hədiyyəsidir” giriş sözü ilə çıxış edərək Tərlan Seyidovun xatirəsini yad etdi. 43 il qurub yaratdığı Məktəb-studiyada Tərlan Seyidov özünün innovativ ideyalarını həyata keçirərək Azərbaycan musiqi mədəniyyəti və elminə bir çox yeniliklər gətirmişdir.

    Qeyd etmək lazımdır ki, aparıcının monoloq tipli çıxışı konsert-tamaşanın leytmövzusu kimi bir neçə dəfə musiqili nömrələr arasında səslənirdi və bununla tədbirin gedişatına ayrı bir rəng qatırdı. Yaz fəslini səciyyələndirən səhnələr bu mövsümün özəlliklərini-təbiətin oyanışını, insan ruhunun təzələnməsini nümayiş etdirirdi. Fərhad Bədəlbəylinin “Весна” (“Bahar”) şeirini VI sinif şagirdi Qədimova Maryam poetik şəkildə tamaşaçıların diqqətinə çatdırmışdır.

    Bahar fəslinin gözəlliyi şeir sətirlərindən sonra musiqi dili ilə XI sinif şagirdi Şəhla Yusubovanın (Əməkdar müəllim Nərgiz Mansurovanın sinfi) ifasında tərənnüm olunmuşdur. O, Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin prelüdünü fortepianoda incəliklə nümayiş etdirmişdir.

    Məktəb-studiyanın şagirdləri ilə bərabər müəllim heyəti də konsert-tamaşanın proqramına öz töhfələrini vermişdilər. Belə ki, Məktəb-studiyanın müəllimləri Aytən İbrahimova, Ofeliya Axundova və Şəfəq Hacıyeva ifa üçlüyündə Fərhad Bədəlbəylinin sözlərinə yazılmış “Весна” romansı (musiqi sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimovaya məxsus) təqdim edildi.

    Digər mövsümün – yay fəslinin səciyyəvi xüsusiyyətləri VIII sinif şagirdi Əhmədova Dərya tərəfindən F.Bədəlbəylinin “Лето” (“Yay”) şeirində ifadə olundu. Onun emosiyalarla zəngin çıxışı hər kəsin diqqətinə səbəb olmuşdur.

    Maraqlı məqamlardan biri – Məktəb-studiyanın müəllimi, pianoçu Fəqan Həsənlinin günün səbəbkarı Fərhad Bədəlbəylinin obrazının yaratması idi. O, dünya şöhrətli pianoçunun yaradıcı simasının müəyyən cizgilərini görkəmli bəstəkarımız Qara Qarayevin “Eskiz” əsərini ifa edərək göstərmişdir.

    Ecazkar gözəlliyi ilə insanın daxili aləmində müxtəlif hiss və düşüncələr oyadan payız fəsli dünya və Azərbaycan ədəbiyyatında geniş yer almışdır. Təbiətin gözəlliklərindən ilhamlanan böyük sənətkar Fərhad Bədəlbəyli də bu mövzuya biganə qalmayaraq özünün “Осень” (“Payız”) şeirində qaçılmaz kədər və qüssədən bəhs edir, bununla belə gələcəyə inam və ümid hisslərini də itirmir. Payız fəslini xüsusiyyətləndirən növbəti səhnədə Məktəb-studiyanın şagirdlərindən ibarət xor kollektivi Səid Rüstəmovun “Qızıl payız” mahnısını ifa etdilər (xorun rəhbəri – dosent Aqil Qafulov). Uşaqların saf və şəffaf duyğulu ifaları səhnədə payızın əsrarəngiz gözəlliyini yaratmışdır.

    Qışın sərt soyuğu növbəti səhnədə – 5-ci sinif şagirdləri Sara Hacıyeva və Cəmilə Sadıxovanın qış fəslinə uyğun geyimləri və ifadəli şəkildə söylədikləri «Зима» (“Qış”) (müəllif F.Bədəlbəyli) şeiri ilə hiss olundu. Uşaqların səhnədəki aktyorluq məharəti hər kəsi valeh edirdi. Poetik səhnəciyin ardından violin ixtisası üzrə VIII sinif şagirdi Yusuf Məmmədli (dosent Gülnarə Quliyevanın sinfi) A.Qlazunovun “İlin fəsilləri” baletindən “Dolu” («Град») əsərini ifa edərək soyuq fəslin özünəməxsus ab-havasını canlandırdı.

    Məktəb-studiyanın fortepiano şöbəsinin müəllimi, Beynəlxalq müsabiqələr laureatı, pianoçu-bəstəkar Nuranə Zeynalovanın fortepiano və çello üçün bəstələdiyi “Şuşada ilin dörd fəsli” silsiləsindən “Səngərdə şaxtalı qış” musiqi nömrəsi qış aylarında şanlı ordumuzun hansı çətinliklərlə üzləşdiyindən bəhs edir. Fortepianoda Nuranə Zeynalovanın, çelloda isə Azərbaycanın Əməkdar artisti Əyyub Əliyevin yanğılı ifası tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. Burada bəstəkar müəyyən musiqi ifadə vasitələri ilə (oktavalar, sinkopalar vasitəsi ilə) müharibənin dəhşətli səhnələrini göstərməyə çalışmışdır. Səslənən əsər qış fəslinin amansız tərəfini tərənnüm edir, növbəti nömrədə – sözləri Fərhad Bədəlbəyliyə, musiqisi Nuranə Zeynalovaya aid «Зима» nəğməsində isə bu fəslin ağ örpəyə bürünən gözəlliyi canlanır. Uşaqların lirik ifası tamaşaçıların zövqünü oxşayaraq gurultulu alqışlara səbəb oldu.

    Tədbirin son səhnəsində aparıcı uşaqların əhatəsində monoloqla çıxış edərək Fərhad Bədəlbəylinin uşaqlıq illərindən tutmuş bu gününə kimi qısa ekskurs etdi və onun ən böyük arzusu – Şuşanın azad olunmasının reallaşmasını vurğuladı.

    Səmimi münasibəti əks etdirən ən isti mənzərə konsertin son dəqiqələrinə təsadüf etmişdir. Belə ki, səhnədə Məktəb-studiyanın müəllim və şagird heyəti Fərhad Bədəlbəylini təbrik edərək, ona ən xoş arzularını dilədilər. Dəyərli rektorumuz isə öz növbəsində Məktəb-studiyanın bu töhfəsini yüksək qiymətləndirərək, öz minnətdarlığını bildirdi.

    “İlin fəsilləri” layihəsi Tərlan Seyidovun son arzusu olmuşdur və Məktəb studiya bu tədbirin keçirilməsini layiqincə yerinə yetirmişdir.

    Şəfəq Hacıyeva

    Məktəb-studiyanın böyük elmi işçisi