• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    13 dekabr 2023-cü il

    13  dekabr 2023-cü il tarixində Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert salonunda dahi bəstəkar, böyük pedaqoq, görkəmli ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, akademik, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin anadan olmasının 105 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirildi.

    Konfransı Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə açaraq, müəllimi Qara Qarayevin bəstəkar, pedaqoq və ictimai xadim kimi fəaliyyətindən söhbət açdı. O, Qara Qarayevin Azərbaycan bəstəkarlıq məktəbinin inkişafındakı xidmətlərini xüsusi vurğuladı. Qeyd etdi ki, vaxtilə Qara Qarayevin bəstəkarlara, musiqişünaslara tövsiyələri bu gün də öz aktuallığını itirməmişdir.

    Vaxtaşırı olaraq Bəstəkarlar İttifaqında Qara Qarayevlə bağlı müxtəlif səpkili tədbirlərin keçirildiyini söyləyən Firəngiz xanım bu il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubiley tədbirləri ilə yanaşı “Heydər Əliyev dühası və Qara Qarayev irsi” elmi konfransı haqqında da danışdı.

    Konfransda Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor İmruz Əfəndiyeva “Qara Qarayevin harmonik dilində caz musiqisinin bəzi xüsusiyyətləri”, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Könül Nəsirova “Qara Qarayevin musiqi-tənqidi fəaliyyəti”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Leyla Quliyeva “Qara Qarayevin yaradıcılığında “Leyli və Məcnun” mövzusunun təzahürü” və Bülbül adına Orta-İxtisas Musiqi Məktəbinin müəllimi Raya Abbasovanın “Qara Qarayevin “Ömər Xəyyamın sözlərinə 6 Rübai” vokal silsiləsi” mövzusunda məruzələri dinlənildi.

    Elmi məruzələrdə Qara Qarayev yaradıcılığının müxtəlif tərəflərindən bəhs olunmuşdur.

    Sonra ölməz bəstəkarın musiqi əsərləri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Anar Seyidov və BMA-nın l kurs magistr tələbəsi Camalə Abdinzadənin ifasında dinləyicilərə təqdim olundu.