7 dekabr 2023-cü il
Milli musiqinin klassik janrlarda təcəssümü
7 dekabr 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyası növbəti uğurunu qeyd etdi. Tədris ocağının nəzəriyyə müəllimi Esmeralda Cəbrayılın ərsəyə gətirdiyi “Azərbaycan xalq mahnıları. Fortepiano üçün işləmələr” kitabı bütün kollektivin iştirakı ilə tətntənəli şəkildə təqdim olundu. Müəllif xalq musiqisindən ilhamlanaraq işlədiyi nümunələrin nəşr olunmasında ona dəstək olan Məktəb-studiyanın direktoru Sevda Məmmədova və həmkarlarına öz təşəkkürünü bildirdi.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın dosenti Sevda xanım Məmmədova xalq mahnı işləmələrinin əhəmiyyətindən söz açaraq bu ənənənin XX əsrin əvvəllərindən, dahi Üzeyir Hacıbəyli tərəfindən başlamış və onun tövsiyəsi ilə görkəmli bəstəkarlarımızın yaradıcılığında davam etməsini, o cümlədən, Ü.Hacıbəylinin “Əgər biz hal-hazırda mövcud olan, yaddaşlarda yaşayan mahnılarımızı cəmləsək, yüzlərlə el havalarını unudulmaq təhlükəsindən qurtara bilərik” fikrini xatırlatdı. Eyni zamanda, professor Tərlan Seyidovun təkidi ilə Məktəb-studiyanın tədris proqramında da Azərbaycan xalq musiqisinin hərtərəfli işıqlandırılması öndə duran məsələlərdən biri kimi qeyd edildi.
Konsert proqramında, məcmuəyə daxil olan əsərlər Məktəb-studiyanın müəllim və şagirdlərinin iştirakı ilə ifa olundu. Əməkdar müəllim Nərgiz Mansurovanın 11-ci sinif şagidləri – Beynəlxalq müsabiqələr laureatları – Şəhla Yusibova Fuqa “Qubanın ağ alması”, Solmaz Əliyeva Tokkata “Ağacdan alma” nümunələri ilə çıxış etdilər. Sevda Məmmədovanın 4-cü sinif şagirdi Mikayıl Qasımov Kiçik rondo “Qalanın dibində”, Nuranə Zeynalovanın 2-ci sinif şagirdi Məryəm İsmayılova Yumoreska “Bəri bax”, Esmeralda Cəbrayılın şagirdləri – Aylin Məmmədova Elegiya “Laçın”, Məryəm Vəzirova İki qədim xalq mahnısı “Sarı gəlin”, “Skarboroda yarmarka” işləmələrini təqdim etdilər.
Müəllimlər arasında isə Beynəlxalq müsabiqələr laureatı, pianoçu-bəstəkar Nuranə Zeynalova Menuet “Ağacdan alma” və Lay-lay “Süsən sünbül”, Beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənli Scherzo “Almanı atdım xarala”, Esmeralda Cəbrayıl Prelüdiya “Küçələrə su səpmişəm” işləmələrini ifa etdilər.
Müəllifi təbrik edənlər arasında sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın dosenti Turan Məmmədəliyeva onun pedaqoji ustalığından söz açaraq, yaradıcı düşüncəsinin nəticəsi kimi ərsəyə gələn bu kitabın kiçik pianoçular üçün bir töhfə olduğunu vurğuladı və onlarda milli musiqiyə olan sevgi hissinin və rəngarəng obrazlılığın inkişaf etdirilməsində, zövqün formalaşmasında böyük rol oynayacağını bildirdi.
Pianoçuların hər birinin çıxışında miniatürlərin fərqli xarakteri öz təfsirini tapdı. Bu əsərlərin onların repertuarında əsaslı yer tutması artıq hiss olunurdu. Dinləyicilər xalq melodiyalarının müxtəlif dövrlərin klassik janrlarında təcəssümünü yüksək qarşıladı.
Tədbirin sonuna doğru sürpriz ifalar səsləndi. Məktəb-studiyanın elmi metodiki işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimova və Nuranə Zeynalova “Elə demə, zalım yar” əsərinin Vals ruhunda ansambl işləməsini təqdim etdilər. Əsərin dolğun akkordlarda həmahəng ifası sevinclə alqışlandı.
Konsert proqramında Məktəb-studiyanın müəllimləri – Ofeliya Axundova, Vəfa Həmidovanın ifasında 7 xalq mahnılarından ibarət çıxış dinləyicilərə növbəti zövqü yaşatdı. V.Həmidovanın milli musiqi incilərimizi yüksək duyğu ilə, böyük ürəklə, sevgi dolu ifası və bu ifadan ilhamlanan O.Axundovanın improvizasiyalı müşayiətində bədahətən yaranan yeni harmoniya nümunələrini eşitmək dinləyicilərə bayram əhvalı bəxş etdi.
Tutu Hüseynova
Musiqişünas