• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    25 noyabr 2023-cü il

    25 noyabr 2023-cü il tarixində Qahirə Opera Evində keçirilən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş klassik musiqi konserti Misir paytaxtının mədəni həyatında əlamətdar hadisə oldu.

    Azərbaycanın Misirdəki səfirliyi, Misirin Mədəniyyət Nazirliyi və Qahirə Opera Evi tərəfindən təşkil edilən konsertdən əvvəl çıxış edən ölkəmizin Misirdəki səfiri Elxan Poluxov dahi siyasətçi, müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən, onun Yaxın Şərq, o cümlədən ərəb ölkələri ilə əlaqələrin inkişafına verdiyi töhfələrdən ətraflı bəhs etdi. O qeyd edib ki, xalqımızın Ümummilli Lideri dost ölkə olan Misirlə əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi diqqət yetirirdi. Diplomatımız vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilmiş “Heydər Əliyev İli” çərçivəsində dünyanın bir çox ölkələrində, o cümlədən Misirdə dahi siyasətçinin xatirəsinə həsr olunmuş silsilə tədbirlər təşkil olunur. Səfir, həmçinin Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, incəsənətinə, o cümlədən musiqimizə qayğısından bəhs etdi.

    Misirin dövlət və hökumət nümayəndələri, tanınmış incəsənət xadimləri də konsertə gələnlər arasında olmuşlar. Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Misirin görkəmli musiqiçisi Əhməd Əl Səidin bədii rəhbəri olduğu Qahirə Simfonik Orkestri və Xor Kapellası görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” və “Fortepiano və orkestr üçün ərəb mövzularında konsert”, Qara Qarayevin “Adajio” və “Yeddi gözəl” baletindən rəqs, Soltan Hacıbəyovun “Karvan”, Niyazinin “Konsert valsı”, Tofiq Bakıxanovun “Xeyir və şər” baletindən vals əsərlərini ifa etdilər. Pianoda solist qismində isə Azərbaycanın Xalq artisti Yeganə Axundova çıxış etdi.

    Tədbir çərçivəsində Qahirə Opera Teatrının foyesində səfirliyimizin təşəbbüsü və maliyyə dəstəyi ilə yenicə nəşr edilmiş misirli jurnalist, Asiya ölkələri üzrə tədqiqatçı Əhməd Tarabek tərəfindən qələmə alınmış “Heydər Əliyevin düşüncələrində Ərəb və İslam aləmi” adlı kitab təqdim edildi.

    Misirdə böyük maraqla qarşılanan konsert bir çox yerli mətbuat orqanları tərəfindən geniş işıqlandırılmışdır.