28 noyabr 2023-cü il
28 noyabr 2023-cü il tarixində Frederik Şopen adına Musiqi Konservatoriyasının rektoru, professor Klaudiusz Baranın Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına rəsmi ziyarəti olmuşdur.
O, BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli və BMA-nın Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor, Xalq artisti, tanınmış pianoçu Yeganə Axundova ilə görmüş, Polşa və Azərbaycan arasında mədəni əlaqələrin inkişafı üçün əməkdaşlığın labüdlüyündən və bu istiqamətdə mühüm işlər görüləcəyi barəsində söhbət etmişlər.
Görüş çərçivəsində BMA-nın tələbələrinin və Baku Chamber Orchestranın konserti keçirildi.
Öncə “Dostluq” adlı konsertdə BMA-nın istedadlı tələbələri-Xəlil Mütəllibov, Aygül Mahmudova, Ərol Rzayev (Müşayiət edir: Rüstəm Zeynalov), Əsmər Alxazova, Ayan Aslanova, Zərrin Əliyeva (Müşayiət edir: Arzu Səfərova) uğurla çıxış etdilər.
Konsert proqramında Qara Qarayevin İki prelüd №11,12 H-dur, h-moll, Friderik Şopenin “Mazurka” op.33 №1 gis- moll, №2 D dur №3 C -dur, №4 h- moll, İki fortepiano üçün Rondo C-dur op. 73, Fikrət Əmirovun “Poema-Monoloq”, Niyazinin “Rast simfonik muğamından fraqmentlər” əsərləri səsləndirildi.
Daha sonra Baku Chamber Orchestra (Bədii rəhbər: Azərbaycan və SSRİ xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, Direktor: Azərbaycan Respublikasının xalq artisti, Bakı Musiqi Akademiyasının prorektoru, professor Yeganə Axundova, Baş dirijor: Azərbaycan Respublikasının əməkdar artisti Fuad İbrahimov) səhnədə yer aldı.
Baku Chamber Orchestranın ifasında Üzeyir Hacıbəylinin “Arazbarı”, Qara Qarayevin İki rəqs, Niyazinin “Arzu”(Solist: Azərbaycan Respublikasının Xalq artisti Gülnaz İsmayılova), Aqşin Əlizadənin "Cəngi", Arif Məlikovun “İki qəlbin dastanı” baletindən Komdenin arzuları (Solist: Beynəlxalq müsabiqələr laureatı Nəzrin Aslanlı), Fikrət Əmirovun “1001 gecə” baletindən Şəhrizadın bayramı, Fərhad Bədəlbəylinin “Dəniz” əsərləri dinləyicilərə təqdim olundu.
Zəngin çalarlı konsert tədbiri tamaşaçıların gurultulu alqış sədaları altında başa çatdı.