• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    24 noyabr 2023-cü il

    24 noyabr 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dünyaşöhrətli bəstəkar Arif Məlikovun 90 illik yubileyinə həsr olunmuş konsert-sərgi keçirildi. 

    Öncə Sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Aytən İbrahimova konsert-sərginin iştirakçıları və qonaqları qarşısında salamlama nitqi ilə çıxış etdi. O, həmçinin görkəmli bəstəkarın çoxşaxəli yaradıcılığından bəhs edib, onun haqqında xoş xatirələrini tamaşaçılarla bölüşdü.

    Təntənəli konsert gecəsində BMA-nın “İxtisas Fortepiano” kafedrasının baş müəllimi Zərif Kərimova (piano) və istedadlı musiqiçilər Nərgiz Əliyeva (fleyta), Ülviyyə Kazımova (piano), Renata Abubəkirovanın (violin) parlaq ifalarının fonunda qiraətçi Hüseynağa Aslanov tərəfindən  Nazim Hikmətin şeirləri oxundu. 

    Konsert proqramında Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindən violin üçün monoloq, “Rəqs”,  “Noktürn”, “İki qəlbin dastanı” baletindən “Komdenin arzuları”, Fleyta və orkestr üçün “Konsertino”, Fortepiano pyesləri - Üç vals, “Zarafat”, “Noktürn”, “Təzadlar”, “İki qəlbin dastanı” baletindən “Qızların rəqsi” əsərləri dinləyicilərə təqdim olundu. 

    Sərgidə isə rəssamlar - Könül Hüseynzadə, Şəfiqə Yusupova, Turan Ataşova, Kristina Sultanovanın rəngarəng rəsm əsərləri nümayiş etdirildi. Təqdim olunan rəsm əsərlərinin bir qismi Arif Məlikovun yaradıcılığına, bəstələdiyi əsərlərə həsr olunmuşdur. 

    Rəssam Şəfiqə Yusupova sərgidə həmçinin görkəmli bəstəkarın portreti olan “Ümidli baxışlar” adlı əsərini təqdim etdi.

    Beləliklə, Arif Məlikovun 90 illik yubileyinə həsr olunmuş konsert-sərgi hər kəs tərəfindən böyük maraqla qarşılanaraq, bütün izləyicilərdə xoş əhval-ruhiyyənin yaranmasına səbəb oldu.