26 sentyabr 2023-cü il
26 Sentyabr 2023-cü il tarixində ADA Universitetində Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və ADA universitetin birgə təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bakı Kamera Orkestrinin (bədii rəhbər Xalq artisti, professor Fərhad Bədəlbəyli, direktoru Azərbaycan Respublikasının Xalq artisti, professor Yeganə Axundova) konserti keçirildi.
“Üzeyir sənətinin gənclik sədaları” adlı konsertdə gənc və istedadlı dirijor Mustafa Mehmandarovun rəhbərliyi altında Bakı Kamera Orkestrinin müşayiətilə İkinci Qarabağ müharibəsi döyüşçüsü, Prezident gənclər mükafatçısı, Bolşoy Teatrın Gənclər truppasının ilk azərbaycanlı solisti, İtaliyanın San Carlo teatrının gənclər truppasının solisti Atəş Qarayev (vokal), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist Arzu Əliyeva (xanəndə), Emil Bağırov (klarnet) universitetin müəllim və tələbə heyəti qarşısında parlaq ifaları ilə çıxış etdilər.
Öncə konsertdə Qara Qarayevin “Matəm odası” əsəri Qarabağ şəhidləri xatirəsinə ithaf olunaraq, səsləndirildi.
Həmçinin proqramda Üzeyir Hacıbəylinin “Aşıqsayağı”, “Sevgili canan”, Niyazinin “Laylay”, Aqşin Əlizadənin “Cəngi”, “Kənd süitası”ndan “Muğam” və “Rəqs”, Arif Məlikovun “Noktürn”, Azərbaycan Xalq mahnısı - “Yar bizə qonaq gələcək”, Qara Qarayevin “İki rəqs” əsərləri dinləyicilərə təqdim olundu.
Tədbir Fikrət Əmirovun “Nizami” simfoniyası ilə yekunlaşdı.
ADA Universitetinin tələbələri, müxtəlif qurumları təmsil edən qonaqlar və musiqisevərlər tərəfindən istedadlı musiqiçilərin ifaları böyük rəğbətlə qarşılandı.