18 sentyabr 2023-cü il
18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Məlumdur ki, Ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilir.
Milli Musiqi Gününün açılış konserti Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında təntənəli şəkildə keçirildi.
Tədbirdə giriş sözü ilə BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli çıxış etdi. O, dahi bəstəkar Üzeyir Hacıbəylinin musiqi tariximizdəki rolundan danışaraq qeyd etdi ki, Azərbaycanın zəngin musiqi mədəniyyətini, Üzeyir bəyin ənənələrini daim yaşatmalı və inkişaf etdirməliyik.
Daha sonra konsert proqramı dinləyicilərə təqdim olundu.
Konsertdə Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestri (bədii rəhbər və baş dirijor Xalq artisti, general-mayor Yusif Axundzadə), Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Xalq artisti Gülbacı İmanova), Əməkdar İncəsənət xadimi Rüfət Axundzadə, Əməkdar artistlər Xəyyam Mustafazadə, Aynur İsgəndərli, solist Kənan Qədimov və başqaları çıxış etdilər.
Tədbir proqramında Üzeyir Hacıbəylinin "Koroğlu" operasından "Uvertüra" və "Rəqs", "Ey Vətən", Müslüm Maqomayevin "Odlar yurdu", Fərhad Bədəlbəylinin "Anamız Azərbaycan", Rüfət Axundzadənin "Qələbə marşı" əsərləri və "Heyratı" zərbi muğamı səsləndirildi.
Qeyd edək ki, Tədbirdə Mədəniyyət Nazirliyinin məsul əməkdaşları, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak etdilər.