27 iyul 2023-cü il
Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə 2023-cü il 27 iyul - 02 avqust tarixlərində XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı keçirildi.
Qeyd edək ki, budəfəki festival Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuşdur.
Qəbələ Beynəlxalq Musiqi Festivalı Azərbaycanın mədəni həyatında çox mühüm əhəmiyyətə malikdir. Klassik musiqi vurğunu olan hər bir insanın səbirsizliklə gözlədiyi Qəbələ Beynəlxalq Musiqi Festivalı həm də yeni istedadların aşkar edilməsinə, bu sahədə bilik və tədqiqatların mübadiləsinə xidmət edir.
Gözəl ənənəyə çevrilən festival bu dəfə də öz möhtəşəmliyi ilə musiqi dünyasının diqqətini Qəbələyə cəlb edə bildi. Belə ki, İyul ayının 27-dən başlanan XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış konsertində (“Viva opera”) Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiətilə Bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun və Azərbaycan Respublikasının Əməkdar artisti Əyyub Quliyevin rəhbərliyi altında Solistlər-Azərbaycan Respublikasının Xalq artisti Dinarə Əliyeva (soprano), Azərbaycan Respublikasının Əməkdar artisti Səbinə Əsədova (mezzo-soprano), Azərbaycan Respublikasının Xalq artistləri Yusif Eyvazov (tenor), Samir Cəfərov (tenor), Əvəz Abdullayev (bariton) çıxış etdilər.
Festival çərçivəsində 29 iyul tarixində Bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun və dirijor Mustafa Mehmandarovun rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiətilə Solistlər-Azərbaycan Respublikasının Xalq artistləri
Yeganə Axundova (piano), Murad Adıgözəl-zadə (piano), Beynəlxalq müsabiqələr laureatları-Yuri Sayutkin (piano, Türkiyə/Azərbaycan), Dennis Həsənov (violin, Rusiya) əsrarəngiz ifaları ilə dinləyicilərin ruhunu oxşadılar.
Proqrama uyğun olaraq, festivalın sonuncu günü - avqustun 2-də axşam saatlarında Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə növbəti kamera konserti təqdim olundu.
Kamera musiqisi axşamında tamaşaçılar Xalq artistləri Ülviyyə Hacıbəyova (piano), Gülnaz İsmayılova (soprano), respublika və beynəlxalq müsabiqələr laureatları Səidə Tağızadə (piano), Ümidə Abasova (skripka) və Prezident təqaüdçüsü Vurğun Vəkilovun (piano) ifasında Avropa və Azərbaycan bəstəkarlarının əsərlərini dinlədilər.
2023-cü il iyul ayının 27-də başlanan və yeddi gün davam edən musiqi bayramında Azərbaycanla yanaşı, Böyük Britaniya, Estoniya, Litva, Polşa, Rusiya və Türkiyədən dünyaşöhrətli musiqiçilər – ifaçı və dirijorlar, musiqi kollektivləri iştirak etdilər.
Festival günlərdə musiqisevərlər və Qəbələnin qonaqları Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, “Gənclərə dəstək” layihəsi iştirakçılarının, Bakı Kamera Orkestrinin, “Clarte” klarnet kvartetinin, Litva Kamera Orkestrinin, gənc muğam ifaçılarının konsertlərini izləmək imkanı əldə etdilər. Dahi rus bəstəkarı Sergey Raxmaninovun 150, görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun 90, tanınmış pianoçu Bella Davidoviçin 95, görkəmli alman bəstəkarı İohannes Bramsın 190 illik yubileyləri də festival çərçivəsində xüsusi konsert proqramları ilə qeyd olundu.
Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində və açıq səhnədə keçirilən bu konsertləri minlərlə tamaşaçı böyük maraqla izləmişdir.