• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    25 iyun 2023-cü il

    Ali musiqi təhsil ocağı olan Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında artıq neçə ildir ki, hər dərs ilinin sonu ən gözəl təəssüratlarla yadda qalan "Məzun günü" keçirilir. 

    25 iyun 2023- cü il tarixində Üzeyir Hacıbəyli adına  Bakı Musiqi Akademiyasının tarixində növbəti möhtəşəm, rəngarəng və unudulmaz "Məzun günü" keçirildi. Bu qədim təhsil ocağında keçirilən "Məzun günü"nü ənənəvi olaraq Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, dünya şöhrətli pianoçu, professor Fərhad Bədəlbəyli öz çıxışı ilə açıq elan etdi. Xoş arzularla çıxış edən cənab rektor Fərhad Bədəlbəyli bütün məzunları ürəkdən təbrik edərək, gələcək həyatlarında uğur və nailiyyət qazanmağı arzuladı.

    Bunun ardınca  Azərbaycan Respublikasının Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr Sosial Məsələlər və İctimaiyyətlə əlaqələr üzrə   prorektoru, professor Yeganə Axundova çıxış edərək  Akademiyanın yaranması, keçdiyi yol, qazandığı uğurlar, fəxri məzunları haqqında ətraflı çıxış etdi.

    Daha sonra məzunlar adından “Tarix- nəzəriyyə”fakültəsini fərqlənmə diplomu ilə bitirən Fidan Əliyarzadə çıxış edərək, Akademiyanın professor-müəllim heyətini və məzunları təbrik etdi.

    Çıxış və təbriklərdən sonra tədbirin musiqili hissəsinə yer verildi.  

    Öncə “İfaçılıq” fakültəsini skripka ixtisası üzrə fərqlənmə diplomu ilə bitirən məzun, beynəlxalq müsabiqələr laureatı Osman Mustafazadə çıxış edərək Kreyslerin "Çin tamburini", İfaçılıq fakültəsini klarnet ixtisası üzrə fərqlənmə diplomu ilə bitirən məzun, beynəlxalq müsabiqələr laureatı Kənan Xəlilzadə  Alamiro Giampierinin "Venesiya karnavalı", “İxtisas Fortepiano” fakültəsinin məzunları, beynəlxalq müsabiqələr laureatları, fərqlənmə diplomu ilə bitirən Cəmalə Abdinzadə və Əzizə Ağazadə  Fazil Sayın "Night", “İfaçılıq” fakültəsini solo oxuma ixtisası üzrə bitirən məzun Leyla Baxışova   Robert Şumanın "İthaf",  “İfaçılıq” fakültəsini skripka ixtisası üzrə fərqlənmə diplomu ilə bitirən məzun, beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Zərrin Əliyeva  Niyazinin "Rast" əsərlərini yüksək peşəkarlıqla ifa etdilər. 

    Daha sonra Magistr pilləsini bəstəkarlıq ixtisası üzrə bitirən məzun, respublika və beynəlxalq müsabiqələr laureatı,  Vətən müharibəsi qazisi, “Cəsur döyüşçü” medalı, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”  medalları almış, Azərbaycan bəstəkarlar ittifaqının üzvü, 2021-ci ildə  Gənclər və İdman Nazirliyinin “İlin ən yaxşı bəstəkarı” nominasıyası üzrə mükafata layiq görülmüş, Amerikanın NEFTLİX film production tərəfindən dəvət alaraq  və qardaş ölkə Türkiyə ilə birgə çəkilən “Dirçəliş: Osmanlı İmperiyası” serialına musiqi bəstələmiş, Almaniyanın BFC film production qısa metrajlı filmlərin istehsalı olan 3 filmə musiqi bəstələmiş fəxrimiz Vüqar Məmmədzadənin triosu səsləndi. 

    Trionu  Bakı Musiqi Akademiyasının məzunları, beynəlxalq müsabiqələr laureatları, Prezident təqaüdçüləri Orxan Hüseynov, Şəms Ağazadə  və  Gülnaz Eldarlı ifa etdi.

    Unudulmaz günün əsas mərhələsi isə məzunların rektor, prorektorlar və dekanların iştirakı ilə diplomlarının təqdimat mərasimi oldu. 

    Sonda çəkilən xatirə şəkilləri, bütün bu illər ərzində tələbələrə dəstək olan dəyərli müəllimlərdən xoş sözlər eşitmək yaddaşlardan silinməyən bir günə çevrildi.

    Biz də öz növbəmizdə məzunları təbrik edir, gələcək  həyatlarında uğurlar arzu edirik!