• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    5 iyul 2023-cü il

    Məktəb-studiyanın 2022 – 2023-cü tədris ilinin yekun konserti

     2023-cü il 5 iyul tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının yekun konserti keçirildi. Tədrisin ikinci yarimilinin 3-cü tədbiri idi ki, şagirdlərin ifasından ibarət konsert proqramı məktəbin yaradıcısı, 43 il boyunca rəhbərlik edən professor Tərlan Seyidovun əziz xatirəsinə həsr olundu.

    Tədbiri məktəb-studiyanın baş metodisti Natəvan Fərzəliyeva açıq elan edərək şagirdləri təqdim etdi. Konsertin ilk iştirakçıları 1-ci sinif şagirdləri idi. Onlar hələ bu böyük səhnənin məsuliyyətini dərk etməsələr də öz ifaları ilə müəllimlərini və valideynlərini sevindirdilər.

    Əməkdar müəllim Ayişə Əliyevanın 1-ci sinif şagirdi Mehriban Abbaslı (piano) A.Gedikenin “Rəqs” (e moll) əsərini ifa etdi. Birinci sinif şagirdi üçün rəqs ritmini sona qədər saxlayaraq, dinamik çalarların düzgün vurğulanması möhkəm təməlin işarəsidir.

    Nəzrin Əmirlinin 1-ci sinif şagirdləri (blok fleyta) – Leyla Yolçuzadə Yuri Doljikovun “Laduşki” əsərini ifa etdi. Şagirdin əlində tutduğu musiqi aləti ilə libasının harmoniyasında sərbəst çıxışı böyüklərə xoş təbəssüm bəxş etdi və onları musiqinin oyun ritminə köklədi. Cəmilə Yolçuzadə Yuri Doljikov “Arişka” əsərinin ifasında isə sanki dinləyiciləri uşaqlarla əl-ələ verib, yallı gedib rəqs edərək onların sevincinə sevinc qatmağa dəvət edirdi. Hər iki şagirdi pianoda müşayiət edən təcrübəçi-tələbə Günel Canəlizadə kiçik ifaçıların ritmini həssaslıqla duyurdu.

    Onu da qeyd edək ki, blok fleyta T.Seyidovun ən çox təbliğ etdiyi alətdir və bütün nəfəs alətləri üzrə oxuyan şagirdlərə tədrisə başlayanda bu alətdə ifa etməyi tövsiyə edirdi.

    Əməkdar artist, dosent Fikrət Məmmədovun 1-ci sinif şagirdi, klarnet ifaçısı Kənan Həsənli təcrübəçi-tələbə Aytac Abdullayevanın müşayiəti ilə Çex mahnısı əsasında “Kukuşka” pyesini ifa edirdi. İfa etdiyi pyesin şagirdin yaşına və texniki imkanlarına uyğunlaşdırılması kiçik vaxtlarından səhnə fəaliyyətinə başlamasına imkan verərək sərbəst ifasına nail olur.

    Nərminə Əliverdizadənin yetirmələrindən – 4-cü sinif şagirdi Məryəm Quluzadə (piano) T.Quliyevin “Cəmilənin albomu” məcmuəsindən “Vals”ı təqdim etdi. Piano tədrisində illərlə sevilərək ifa edilən və məmnuniyyətlə dinlənilən bu musiqi Məryəmin də səhnə fəaliyyətinin uğurlu başlanğıcı oldu. 6-ci sinif şagirdi, Beynəlxalq müsabiqə laureatı Əsəd Quluzadə (piano) Leonid Koçetovun “Reqtaym” pyesini ifa edərkən konsertə caz əhval-ruhiyyəsi ilə rəng qatdı. Əsər ritmik və sürətli ifa texnikasına görə səhnə çıxışı üçün məharət tələb edir.

    Firuz Hüseynovun 6-cı sinif şagirdi, Beynəlxalq müsabiqələr laureatı Məhəmmədəli İbrahimov vibrafon zərb alətində Kamil Sen-Sansın “Heyvanların karnavalı” silsiləsindən “Qu quşu” əsərini təcrübəçi-tələbə Aliyə Nağıyevanın müşayiəti ilə ifa etdi. Konsertin lirik hissəsini təşkil edən bu əsər gənc ifaçının təfsirində romantik anlar yaşatdı. Biz sanki vibrafonun titrək incə səslənməsilə qu quşunun günəş şualarından parıldayan göl üzərində sakit üzməsini seyr edirdik.

    Ofeliya Axundovanın 2-ci sinif şagirdi Emilya Ağakişiyeva (vokal) T.Quliyevin “Bəxtiyar” kinofilmindən “Sevgi valsı” mahnısını müəlliminin müşayiəti ilə ifa etdi. Dillər əzbərinə çevrilmiş bu mahnını gənc ifaçı böyük ürəklə, geniş nəfəslə oxudu.

    Nuranə Zeynalovanın 5-ci sinif şagirdi Rauf Bağırzadə (piano) Klod Debüssinin “Kukolnıy keyk-uok” əsərini təqdim etdi. Debüssi yaradıcılığının “Uşaq guşəsi” məcmuəsindən olan bu caz üslublu nümunə öz yumor və şıltaq obrazı ilə şagirdin repertuarında geniş yer tutacağına inanırıq. Əsərin obrazı ifaçı tərəfindən duyularaq şərh olunurdu.

    Dosent Arzu Rzayevanın violin sinfi üzrə – 9-cu sinif şagirdi Elmir Hüseynov və 10-cu sinif şagirdi Leyla Kərimova Zöhrə Salamovanın müşayiəti ilə İ.S.Baxın d moll Konsertinin I hissəsi ilə çıxış etdilər. Klassikanın mürəkkəb janr və formasına əsaslanmış bu əsər şagirdlər tərəfindən uğurla nümayiş olunur. Violinlər bir-birini eşidir və imitasiya Bax tələblərinə cavab verilərək ifa olunurdu.

    Əməkdar müəllim Nərgiz Mansurovanın yetirmələrindən (piano) – 3-cü sinif şagirdi Araş Seyfpour Saad F.Kulaunun C dur Sonatinasını  (I hissə) ifa etdi. Şagird Sonatada ən çətin nüanslardan biri olan, uzun notlarn onaltılıq notlarla növbələşməsində ritmin düzgün saxlanılamsına nail olur, bununla bərabər onun  tersiyalar, arpeciolar və qammavari gedişlərdə Allegro ifası texniki hazırlığının göstəricisidir. 5-ci sinif şagirdi, Beynəlxalq müsabiqələr laureatı Hüseyn Quliyev İlahə Qismətin “İki pyes”ini ifa etdi. Müəllimin müasir bəstəkar yaradıcılığına müraciət etməsi onun şagirdinə güvənindən irəli gəlir. Hüseyn isə həmişəki kimi müəllimini yanıltmır, I pyesin coşğun, II pyesin isə rəqs xarakterini ifasında məharətlə nümayiş etdirirdi.

    Konsertin ən cəsarətli ifası 10-cu sinif şagirdi, Respublika müsabiqəsi laureatı Şəhla Yusibovanın çıxışı idi. Robert Şumanın 1 № li “Novelletta” (F dur) əsəri bəstəkarın yaradıcılığı boyu izlədiyimiz, bir-birindən fərqli obrazlar və ziddiyyətli mövzuların növbələşməsilə yaranan nümunələrindən biridir. Əsas fonda Markiert und kraftig “güclü və vurğulanmış” işarəsi olan, hərbi marş ruhundan kənar, alman milli koloriti ilə səslənən musiqi ifaçı tərəfindən məharətlə şərh olundu. Marşa ziddiyyət təşkil edən mahnıvari, lirik hissələr də eyni həssaslıqla duyuldu. Görünür konsertə hazırlıq prosesi tam məsuliyyətli şəkildə həyata keçirilmişdir.

    Bir konsertin baş tutması üçün günlərlə, hətta aylarla müəllim zəhməti, dözümlülüyü, əzmkarlığı unudulmamalıdır. Buna görə bütün müəllimlərimizə öz təşəkkürümüzü bildiririk.

    BMA-nın Orta ixtisas musiqi

    məktəb-studiyasının müəllimi

    Tutu Hüseynova