10 may 2023-cü il
10 may 2023-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyi tərəfindən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Strasburqun Musiqi və Konqres Sarayında klassik konsert təşkil edildi.
Konsertdən əvvəl keçirilmiş tədbirdə ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev çıxış etdilər. Çıxışlarda anadan olmasının 100 illiyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin bütün həyatı boyu xalqına xidmət etdiyi, ölkəmizin taleyüklü anlarında məsuliyyəti üzərinə götürərək Azərbaycanı tərəqqi və inkişaf yoluna çıxardığı, müasir müstəqil Azərbaycan dövlətçiliyinin təməli üçün yorulmadan çalışdığı və Azərbaycan xalqının bu dahi şəxsiyyətin xatirəsini ehtiramla yad etdiyi vurğulandı. Eyni zamanda məhz H.Əliyevin rəhbərliyi altında ölkəmizin 2001-ci ildə Avropa Şurasına üzv qəbul olunduğu xatırladıldı və hətta üzvlükdən öncə 1997-ci ildə Avropa Şurasının Dövlət və Hökumət Başçılarının 2-ci Zirvə Görüşündə müstəqil Azərbaycan dövlətini H.Əliyevin təmsil etdiyi diqqətə çatdırıldı.
Strasburqda keçirilən yubiley konsertində Əməkdar artist, dirijor Fuad İbrahimovun rəhbərliyi altında Baku Chamber Orchestranın (bədii rəhbər Xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Fərhad Bədəlbəyli, direktoru Azərbaycan Respublikasının Xalq artisti, professor Yeganə Axundova) müşayiətilə Xalq artistləri Fərhad Bədəlbəyli, Yeganə Axundova və Beynəlxalq müsabiqələr laureatları Orxan Cəlilov, Nəzrin Aslanlı çıxış etdilər.
Konsert proqramında Üzeyir Hacıbəylinin “Arazbarı”, “Sevgili canan”, Aqşin Əlizadənin "Cəngi", Vaqif Mustafazadənin Fortepiano və orkestr üçün konsert, Qara Qarayev İki rəqs, Cahangir Cahangirovun“Alagöz”, Fikrət Əmirovun “1001 gecə” baletindən Şəhrizadın bayramı, Arif Məlikovun “İki qəlbin dastanı” baletindən “Komdenin arzuları”, “Qızların rəqsi”, Antoni Vivaldinin “İlin fəsilləri” konsertindən “Yay”, Niyazinin “Qaytağı”, Fərhad Bədəlbəylinin “Dəniz”, Müslüm Maqomayevin “Azərbaycan” əsərləri dinləyicilərə təqdim olundu.
Mədəni tədbirdə Avropa Şurasının rəsmiləri, Strasburqdakı diplomatik korpusun üzvləri ilə yanaşı, yerli ictimaiyyət və akademik dairələrin təmsilçiləri, Azərbaycan diasporunun üzvləri iştirak etdilər. Böyük rəğbətlə qarşılanan konsert proqramı solist Orxan Cəlilovun ifasında Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə yekunlaşdı.