10 may 2023-cü il
Müasir Azərbaycan Respublikasının qurucusu Heydər Əliyev!
Bu ad qarşısında elə bir sahə qalmadı ki, orada geniş inkişaf, yüksək dirçəliş və tərəqqi müşahidə olunmasın. Xalqın rifahı halı naminə Ulu Öndər Azərbaycan Respublikasının elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrində dönüş nöqtəsi yaradaraq sıçrayışlı inkişafın təməl daşını qoymuşdu.
Heydər Əliyev görkəmli dövlət xadimi, peşəkar siyasətçi olmaqla yanaşı, mədəniyyətimizi yaradan, onu dünyanın hər bir yanında inkişaf etdirən və tanıdan insanların əməyini yüksək qiymətləndirən, onların daim dəstəkçisi olurdu.
Heç təsadüfi deyil ki, bu gün yüksək dəyərləndirilən mədəniyyətimiz Ulu Öndərin apardığı uğurlu siyasəti nəticəsində baş vermişdir.
Qeyd edək ki, Ulu Öndərin vəfatı Azərbaycan xalqını dərindən yaralamış və sarsıtmışdı. Buna rəğmən Ümummilli lider daim qəlblərdə yaşayaraq bu gün də onun qoyub getdiyi dəyərli mirasdan Azərbaycan xalqı bəhrələnir. Uğurlu siyasətçinin yolunu öz məğrur duruşu və yüksək əzəməti ilə davam etdirən cənab Prezident İlham Əliyev eyni missiyanı yüksək məharətlə idarə edir.
Prezident İlham Əliyev 2022-ci ilin sentyabrın 29-da “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” sərəncam imzaladı. Dövlət başçısının 2022-ci ilin noyabrın 28-də imzaladığı digər sərəncam ilə “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiqləndi. Tədirlər Planına uyğun olaraq, ölkəmizdə və xaricdə Ulu Öndərin anadan olmasının 100 illiyi əlaqədar müxtəlif tədbirlər keçirilir.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş müxtəlif çalarlı konsert və konfranslar Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təşkil olunur.
Bunlardan biri 10 may 2023-cü il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında reallaşdı.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Konsertmeyster ustalığı” və “İxtisas fortepiano” kafedralarının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynovanın “Sabah” qrupu IV kurs tələbələri, Respublika və Beynəlxalq Müsabiqələr laureatları Fidan Yunus və Nigar Hüseynzadənin təqdimatında sinif konserti keçirildi.
Konsertdə ilk öncə Azərbaycan Respublikasının əzəmətli himni səsləndi. Qeyd edək ki, Dövlət Himnimizi “Şəms-Qəmər” kamera xoru (Bədii rəhbər və dirijor Leyla Zalıyeva; Köməkçi xormeyster Xanımana Məmmədzadə) ifa etdi.
Himn sədaları altında bir daha Azərbaycan Respublikasının qurucusu, təməl daşını illər ərzində böyük zəhməti və yüksək peşəkar siyasəti əsasında inşa etdirən Ulu Öndərin əziz xatirəsi yad olundu.
Bunun ardınca “Musiqi Tarixi” kafedrasının baş müəllimi, Sənətşünaslıq üzrə Fəlsəfə Doktoru Minaxanım Babayeva çıxış edərək Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ilə bağlı düşüncələrini bölüşdü.
Çıxışında Heydər Əliyevin xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi, Azərbaycan tarixində parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, fitri istedada sahib müdrik dövlət xadimi kimi çoxşaxəli irsi tükənməz ibrət məktəbi olduğunu vurğuladı. Ötən illərə nəzər salan Minaxanım Babayeva Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərindən, ən əsası mədəniyyət sahəsində aparılmış uğurlu siyasətindən söhbət açaraq Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış müstəqilliyimiz məhz onun sayəsində ədəbi və möhkəm xarakter aldığını dilə gətirdi.
Bunun ardınca müxtəlif çalarlı musiqi repertuarı (Cüzeppe Verdi “Otello” operasından Otellonun ariyası (“Dio mi potevi scagliar) , Pyotr İliç Çaykovski “Bu aylı gecədə” op.73, no.3, Sevil Əliyeva “Ana” , Cüzeppe Verdi - “Traviata” operasından Alfred ilə Violettanın dueti (“Parici o cara”), Sergey Raxmaninov “Mənə inanma dostum” op.14, no.74, Fikrət Əmirov - “Sevil” operasının mövzuları əsasında “Fantaziya” , “Trubadur” operasından iki səhnə; III pərdə II şəkil: Səhnə və Manrikonun ariyası və IV pərdə l şəkil: Səhnə, Leonaranın ariyası və xor) dinləyicilərə təqdim edildi.
Sabah” qrupu IV kurs tələbələri, Respublika və Beynəlxalq Müsabiqələr laureatları Fidan Yunus və Nigar Hüseynzadə ilə yanaşı konsert proqramında solist qismində Azərbaycan Respublikasının Əməkdar artisti Rəna Əliyeva, Respublika və Beynəlxalq müsabiqələr laureatı Rəvan Mustafazadə, Adil Axundov, Azərbaycan Milli Konservatoriyasının ll kurs tələbəsi Mikayıl Rəhimov, müşayiətçi qismində isə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının I kurs tələbəsi Fidan İbrahimova (Orqan) çıxış etdilər.
Bunun ardınca konsertin qonaq qismində iştirak edən Xalq şairi Vahid Əziz də çıxış edərək ilk öncə Ümummilli lider Heydər Əliyev irsini təhlil edərək, öz xatirələrini bölüşdü.
Çıxışında Ulu Öndər Heydər Əliyevin daima mədəniyyətimizin, ədəbiyyatımızın, milli-mənəvi dəyərlərimizin inkişafı üçün atdığı böyük addımlarından söhbət açaraq, Ümummilli liderin hakimiyyəti illərində bütün incəsənət sahələrinin sürətlə inkişaf etdiyini vurğuladı.
Xalq şairi Vahid Əziz Heydər Əliyevin onun üçün yaratdığı imkanlardan, Ulu Öndərin diqqət mərkəzində olduğunu, ona həmişə böyük qayğı ilə yanaşmasından söhbət açdı. Azərbaycan incəsənəti bu gün bütün dünyada tanınır, sevilir, böyük rəğbət hissi ilə qarşılanırsa bu Heydər Əliyevin adı ilə bağlıdır.
Bununla yanaşı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Konsertmeyster ustalığı” və “İxtisas fortepiano” kafedralarının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynovanın tələbələrinin konsertini yüksək dəyərləndirən Xalq şairi bu cür yüksək peşəkarlıqla yanaşılan konsertin yenidən təkrarlanmasını arzu etdi.
Azərbaycan Xalqının qəlbində daima əbədi yaşar Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş növbəti konsert bütün dinləyicilərin rəğbətini qazandı.
Dahi liderin yubiley tədbiri böyük coşğu və təntənə ilə sona çatdı.
Bakı Musiqi Akademiyasının Mətbuat şöbəsi və İnformasiya Kommunikasiya texnologiyaları
Xidmətinin mütəxəssisi, musiqişünas Minacət Mustafayeva