11 may 2023-cü il
11 may 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli konsert keçirildi.
Tədbir “İxtisas Fortepiano” kafedrasının dosenti, Sənətşünaslıq üzrə Fəlsəfə doktoru Sevda Məmmədlinin Ulu Öndər Heydər Əliyevə həsr etdiyi “Yaşayır Heydər Ata!”(Musiqi: Sevda Məmmədli; Söz: Mirkazım Seyidov) əsəri ilə başladı.
Dahi şəxsiyyətin əzəmətli obrazını, vətənpərliyini, xalqa bağlılığını musiqisində, parlaq ifasında, ahəngdar səsində aydın şəkildə təcəssüm etdirən S.Məmmədlinin bu əsəri musiqili gecənin əhəmiyyətini daha da artıraraq, dinləyəcilərin qəlbində dərin iz buraxdı.
Konsertdə BMA-nın “İxtisas Fortepiano” kafedrasının Əməkdar müəllimləri Arzu Məmmədova, Kəmalə Mirbabayeva, Fəridə Sultanova, Lalə Cəfərova (bəstəkar), dosent Nərgiz Salmanlı, baş müəllimlər Könül Axundova, Zərif Kərimova, Beynəlxalq müsabiqələr laureatı Ülviyyə Kazımova və Tamerlan Baxşıyev (zərb alətləri), Fəxri Dünyamalıyev (saksafon) çıxış etdilər.
Xüsusi incəliklə seçilmiş konsert proqramında Üzeyir Hacıbəylinin “Sənsiz”, Cahangir Cahangirovun “Azad” operasından Çahargah, Aleksandr Thfasmanın “Mənim sevgilim” (Gerşvin mövzusuna fantaziya), Lalə Cəfərovanın “Bir xəzər əfsanəsi” baletindən “Vida səhnəsi”, “Toy səhnəsi”, “Adajio” və “ Rəqs”; “İspansayağı”, “L”, Zərif Kərimovanın “The Call”, Alfred Şnitkenin “Qoqol” süitasından fraqment “Portret”, Henri Mançininin “Breakfast at Tiffany’s” kinofilmindən “Moon river” əsərləri dinləyicilərə təqdim edildi.
Bayram ab-havalı konsert gecəsi tamaşaçıların böyük marağına səbəb olaraq, gurultulu alqış sədaları altında başa çatdı.