• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    15 mart 2023-cü il

    Məktəb-studiyanın Zöhrə ulduzu – Tərlan Seyidovla vida tədbiri

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında 2023-cü ilin 15 mart tarixində Əməkdar incəsənət xadimi, elmlər doktoru, professor Tərlan Seyidovun əziz xatirəsinə ithaf tədbiri keçirildi. Tədbirdə BMA-nın rektoru, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, professor Fərhad Bədəlbəyli və onun simasında mötəbər sənət adamları iştirak edirdilər.

    Ömrünü Azərbaycan musiqi mədəniyyəti və təhsilinin inkişafına həsr etmiş, böyük mütəfəkkir, professor Tərlan Seyidovun əziz xatirəsi BMA-nın məktəb-studiyasının elmi-metodiki işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimovaya aid qiraət videoçarxı ilə yad edildi. Tədbirdə Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələrinin fikirlərinə və müxtəlif musiqi nömrələrinə geniş yer verilmişdir. İlk olaraq, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli uzun illər çiyin-çiyinə çalışdığı həmkarı, professor Tərlan Seyidovun xatirəsini ehtiramla yad etmiş və onun geniş fəaliyyəti haqqında dəyərli fikirlərini bölüşmüşdür.

    Professor Tərlan Seyidovun, təməlini qoyduğu və ömrünün sonuna kimi rəhbərlik etdiyi Orta ixtisas musiqi məktəb-studiyasının məzunları, Respublika və Beynəlxalq müsabiqələr laureatları, Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijorları – Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimov və Mustafa Mehmandarov, bəstəkar-pianoçu Tural Məmmədli, pianoçular – Fəqan Həsənli, Coşqun Qadaşov, Nuranə Zeynalova, Zərif Kərimova, Nərgiz Kəngərli, sənətşünaslıq üzrə fəlsəfə doktoru Tahirə Mustafayeva (violonçel), Emil Hüseynov (violin) və orqan ifaçısı Gülnar Mirqasım müdrik şəxsiyyəti öz ifaları ilə yad etdilər.

    BMA-nın məktəb-studiyasının tədris işləri üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın dosenti Sevda Məmmədova öz müəllimi və rəhbəri haqqında danışaraq ilk növbədə, onun öz peşəsinə nə qədər məsuliyyətlə yanaşdığını və bu xüsusiyyəti öz ətrafında toplamış həmkarlarından tələb etdiyini vurğulamış, eyni zamanda professor Tərlan Seyidovun daim yeni ideyalarla çıxış etdiyini söyləmişdir.

    İthaf tədbiri, söz və musiqisi Aytən İbrahimovaya aid olan vokal, violin və xor kollektivi üçün yazılmış məktəb-studiyanın möhtəşəm himni ilə yekunlaşdı. Əsər, solist – məktəb-studiyanın müəllimi Şəfəq Hacıyeva, violin ifaçısı – BMA-nın tələbəsi Emil Hüseynov, konsertmeyster – məktəb-studiyanın müəllimi Ofeliya Axundova və dosent Aqil Qafulovun rəhbərlik etdiyi məktəb-studiyanın uşaq xor kollektivinin ifasında səsləndi.

    Üzeyir Hacıbəyli adına BMA-nın və məktəb-studiyanın kollektivi bu tədbirdə böyük məmnuniyyətlə iştirak edərək görkəmli şəxsiyyət – Tərlan Seyidovun xatirəsini bir daha andılar.

    BMA-nın böyük elmi işçisi və müəllimi

    Şəfəq Hacıyeva