16 mart 2023-cü il
16 mart 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycanda iki pərdəli baletin müəllifi olan ilk qadın bəstəkarı, musiqişünas, pedaqoq, pianoçu, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, BMA-nın dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Lalə Cəfərova və "Nəfəs və zərb alətləri" kafedrasının tələbələrindən (İnal Hacıyev, Cavidan Rəsulov, Azər Səfərzadə, Həsən Hüseynov, İlkin Məmmədov, Faiq Əlizadə, Emil Rəhimov, Fərid Hacıyev, Kamil Hüseynzadə, Namiq Səlimov, Səid Rəsulov, Türkruh Əhmədli, İlahə Məmmədova, Sənəm Hacıəhmədova) ibarət ansamblının təntənəli konserti keçirildi.
Qeyd edək ki, konsert bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycan SSRİ-nin Əməkdar artisti Vaqif Mustafazadənin 83 illiyinə həsr olunmuşdur.
Bayram ab-havalı konsert proqramında Lalə Cəfərovanın “İncə hisslər”, Valtorna və fortepiano üçün “ Pyes № 1”, “ Rəqs”, “Blyuz”, “İspansayağı”, “All Star Perfomans”, “ L”, “Xatirə poeması” və Henryk Kuzmakın “Va-Bank Ragtime”, Henry Mancininin “The Pink Panter”, Aleksandr Qrivin “Pasifik” caz-estrada əsərləri dinləyicilərə təqdim olundu.
Onu da qeyd edək ki, xarici bəstəkarların əsərlərinin oranjimanı da Lalə Cəfərovaya məxsusdur.
Hər kəsi caz musiqisinin sehrli aləminə qərq edən rəngarəng konsert gecəsi tamaşaçıların gurultulu alqış sədaları altında başa çatdı.