14 mart 2023-cü il
14 mart 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında əlamətdar bir tarixi gün keçirildi.
Müqəddəs musiqi ocağının 100 illiyi ilə əlaqədar olaraq, sevə sevə, böyük əzm və həvəslə hazırlanan kitabların təqdimetmə mərasimi baş tutdu. “Azərbaycan ifaçılıq sənəti: tarixin səhifələri” adlı kitab üç cilddən ibarətdir:
I cild:Azərbaycan fortepiano ifaçılıq sənətinin görkəmli ustadları
II cild:Azərbaycan simli və nəfəs alətlərin ifaçılığının görkəmli ustadları
III cild: Azərbaycan vokal və dirijorluq sənətinin görkəmli ustadları adı altında üç dildə Azərbaycan, rus və ingilis dilində nəşr olunub.Azərbaycan ifaçılıq sənətinin bir sıra görkəmli xadimləri musiqi mədəniyyətimizin inkişafında misilsiz rol oynayıblar. Musiqi tarixində silinməz iz qoyan bu ifaçıların həyat və yaradıcılıq irsinin işıqlandırılması qarşıya qoyulan əsas məqsədlərdən biri idi. Sözügedən layihə milli mədəni irsimizin qorunmasına yönələrək, görkəmli və istedadlı ifaçılar tərəfindən davam etdirilən zəngin yaradıcılıq ənənələrinin təbliğində xüsusi əhəmiyyət kəsb edir. Üzeyir bəylə birlikdə peşəkar musiqi təhsilinin yaradılmasının kökündə dayanmış görkəmli musiqi ifaçılarının yaradıcılıq yolu işıqlandırılmışdır. Eyni zamanda XX əsrin ikinci yarısında ifaçılıq və pedaqoji fəaliyyətlə məşğul olan musiqiçilər haqqında məqalələr də daxil edilmişdir. Azərbaycan musiqi mədəniyyətinin təbliği yolunda xadimlərimiz ölkəmizin hüdudlarından kənarda da böyük işlər görüblər, peşəkar ifaçılıq sənətinin formalaşması və inkişafında onlar əmək sərf edərək böyük əzm və ürəklə çalışıblar.
Tədbirdə SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, BMA-nın rektoru, professor F.Bədəlbəyli çıxış edərək kitabların musiqi mədəniyyətimizdə əvəzsiz rol oynamasını vurğuladı və bütün redaksiya heyətini, tədbir iştirakçılarını təbrik etdi. Kitabların hazırlanmasında ideya müəllifi tərtibçi,məsul redaktor qismində Respublikanın Əməkdar müəllimi,BMA-nın “Tarix-nəzəriyyə” fakültəsinin dekanı,sənətşünaslıq doktoru, professor Gülzar xanım Mahmudova çıxış etdi və bütün əməyi keçən musiqiçilərə öz təşəkkürünü bildirdi. Eyni zamanda Respublikanın Xalq artistləri Zəhra Quliyeva, Yusif Axundzadə Əməkdar artist Validə Rəsulova, Əməkdar müəllim, BMA-nın elmi katibi dirijorluq kafedrasının professoru Leyla Məmmədova, “konsertmeyster ustalığı” kafedrasının professoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynova, AMK- nın ifaçılıq fakültəsinin dekanı Leyla Quliyeva çıxış etdilər və bu çıxışlar parlaq musiqi nömrələri ilə əvəz olundu. Tədbirin musiqi hissəsində Xalq artistləri Yeganə xanım Axundova, Ülviyyə xanım Hacıbəyova, Gülnaz xanım İsmayılova, Əməkdar İncəsənt xadimi Kəmalə Neymanova, eyni zamanda Respublika və Beynəlxalq müsabiqələr laureatları Orxan Hüseynov, Səidə Tağızadə, Nəzrin Aslanlı, Məhəmmədəli Paşazadə, Leyla Fərəcova, “Sabah” qrupunun xor kollektivinin ifaları səsləndi. Təbdir böyük maraqla qarşılandı və dinləyicilərin marağına səbəb oldu.