1 mart 2023-cü il
1 mart 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, professor Oqtay Abasquliyev, Əməkdar müəllim, professor Leyla Abasquliyeva və Kamil Abasquliyevə həsr olunmuş “Xatirə” adlı konsert keçirildi.
Qeyd edək ki, konsertin bədii rəhbəri Əməkdar müəllim, BMA-nın professoru Gülnarə Acalovadır.
Öncə tədbirdə Əməkdar müəllim, BMA-nın Tədris işləri üzrə prorektoru professor, pedaqoji elmlər namizədi Nərminə Quliyeva bütün qonaqları salamlayaraq, hər üç tanınmış musiqiçinin yaradıcılığından, musiqi incəsənəti sahəsindəki böyük xidmətlərindən, onlarla bağlı xoş xatirələrindən bəhs edib, konserti açıq elan etdi.
Musiqili gecədə “Cadenza Conteporary Orchestra”, Azərbaycan Respublikasının Əməkdar artistləri Azər Zadə, Səbinə Əsədova, İstanbul Universiteti Dövlət Konservatoriyasının dosenti Tutu Aydınoğlu, Respublika və beynəlxalq müsabiqələr laureatları, prezident təqaüdçüsü Vurğun Vəkilov, Bilkənt Universitetinin müəllimi Tofiq Şıxıyev, Nərgiz Kəngərli, Ümidə Abasova, Atəş Qarayev, Anar Məmmədov, Camalə Abdinzadə, Hüseyn Nağıyev, İlahə Məmmədova, Afaq Qarayeva, Rəşad Abdullayev öz əsrarəngiz ifalarını dinləyicilərə təqdim etdilər.
Təntənəli konsert proqramında Rolf Lovlandın “Song from a secret garden”, Ferens Listin Liebestraum No.3 "Love Dream" (Noktürn №3 “Sevgi xəyalları”), İspan rapsodiyası S.254, “Macar rapsodiyası” No. 2, cis-moll, İohan Bramsın iki romansı, Mişel Manqaninin Klarnet üçün “Fantaziya”, Jül Massnenin “Tais” operasından “Düşüncə”, Sergey Raxmaninovun "Vokaliz", Pyotr İliç Çaykovskinin Rus kəndindən səhnələr. “Dumka” c - moll, əs. 59 Yevgeni Botsanın "Ariya", Üzeyir Hacıbəylinin “Sənsiz”, Qara Qarayevin “İnsan məskən salır” kinofilmindən musiqi, Fikrət Əmirovun "Lay-lay", Sevil Əliyevanın “Ana” əsərləri səsləndirildi.
Tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan konsert gecəsi gurultulu alqış sədaları altında başa çatdı.